21 May 2017 23:53
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda leysan yağışı ilə müşaiyət olunan güclü külək və dolu şəhər təsərrüfatına və kəndlərə ciddi ziyan vurub.

Bu gün saat 17:00 radələrindən başlayaraq İsmayıllı rayonunda əsən güclü külək getdikcə daha da sürətlənib və dağıntıya səbəb olub. Qasırğa qısa vaxtda İsmayıllı şəhərində 30-dan çox ağacı yaşayış binalarının, fərdi evlərin, elekrtik naqillərinin üstünə aşırıb.

Təbii fəlakət zamanı elektrik və rabitə dirəkləri yıxılıb, naqillər qırılıb, əhaliyə verilən elektrik enerjisi kəsilib. Bir saatdan çox əsən güclü küləyin təsiri nəticəsində 20-ə yaxın yaşayış evinin və sahibkarlıq obyektinin dam örtüyü qopub, binaların üstünə yıxılan ağaclar divarlarda iri çatlar əmələ gətirib, mənzillərin içərisi su ilə dolub. Şəhərin bəzi küçələrində yıxılan ağaclar avtomobillərin hərəkətinə mane olub. Küləyin təsiri nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.

Rayonun dağ kəndlərində leysan yağışı, dolu və külək evlərə və yardımçı tikililərə, o cümlədən meyvə-tərəvəz məhsullarına, taxıl sahələrinə də ziyan vurub. Yıxılan ağaclar yolların kəsilməsinə və nəqliyyatın hərəkətinin bir müddət məhdudlaşmasına səbəb olub.

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri təbii fəlakət nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir.
/APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər