Ələt-Astara yolunda ağır yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 4 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 06:00-da başa çatıb.
***
09:30
Səhər saatlarında Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında ölən 3 nəfərin və yaralananlardan ikisinin şəxsiyyəti müəyyənləşib.
Report xəbər verir ki, 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu və 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu qəza nəticəsində ölüb.
Həmçinin qəza nəticəsində yaralanan 4 nəfərdən ikisinin adı məlum olub. Bunlar Qəhrəmanova Aqilə Canhəsən qızı və Əliyev Zaurdur. Yaralılardan birincisi Qaradağ xəstəxanasına, ikincisi isə 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Digər iki yaralının xəsarətləri yüngüldür. Onların adı hələ ki, məlum deyil.
***
Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzasında xəsarət almış şəxslərdən daha bir ölüb.
Abdullayev Azad Vəli oğlu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.
Bununla da qəzada ölənlərin sayı dördə çatıb.
Yaralılardan Qəhrəmanova Aqilə Canhəsən qızı da həmin xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.