SOCAR-ın Star neft emalı zavodunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Teleqraf.com Türkiyənin “Aliağa Ekspress” nəşrinə istinadla xəbər verir ki, ilkin iddialarda işçilərin yeməkdən zəhərləndiyi bildirilib.
Məlumatlara görə, işçilər dünən naharda verilən ət yeməyinin keyfiyyətsiz olduğunu zavod rəhbərliyinə bildiriblər.
Nəşrə danışan işçilərdən biri zavod rəhbərliyinin buna biganə yanaşdığını deyib:
"Bütün gecə təcili yardım xidməti çalışıb. Hələ də vəziyyəti ağır olan işçilər var. Ümumilikdə “Gemond”, “Tekfen” və “İlk İnşaat” bölmələrində işləyən 1500 nəfər zəhərlənib".
SOCAR nümayəndələri yeməklərlə bağlı problem yarandığını, ancaq rəqəmlərin şişirdildiyini bildirib. Rəsmi məlumatlara görə, yeməkdən zəhərlənənlərin və tibbi yardım göstərilənlərin sayı 346-dır:
"Yeməkdən götürülmüş nümunələr laboratoriyaya göndərilib. Nəticələrdən sonra işçilərin həqiqətən yeməkdən zəhərlənib-zəhərlənmədiyini məlum olacaq".
***
SOCAR STAR neft emalı zavodunda baş verən kütləvi zəhərlənmə hadisəsinə münasibət bildirib.
SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev APA-ya açılmasında bildirib ki, zəhərlənmənin qidadan baş verib-verməməsi barədə danışmaq tezdir: "Zəhərlənmə nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib, 300 nəfərə yaxın işçi isə özünü narahat hiss etdiyi üçün tibbi müayinə alır. Hadisənin baş vermə səbəbinin qida olub-olmaması araşdırılır. Belə ki, qida nümunələri laboratoriyaya göndərilib".
Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, STAR neft emalı zavodunun ərazisində yüzlərlə podratçı şirkət fəaliyyət göstərir və sözügedən hadisə də məhz o şirkətlərdən birinin sahəsində baş verib: "Həmin podratçının bir keytrinq şirkəti ilə müqaviləsi var və əməkdaşlıq çərçivəsində şirkət işçilərinə ödənişsiz yemək verir. Başqa sözlə, məsələnin SOCAR və ya STAR-a aidiyyəti yoxdur".