16 Avqust 2017 15:50
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sezen Aksu şəhid Ərən Bülbülün fotosu və “Bir çocuq sevdim" mahnısının yer aldığı videonu paylaşandan sonra danışan dərdli ana oğlunu nəzərdə tutaraq “Mən də bir çocuq sevdim" deyib.

Teleqraf.com xəbər verir ki, Trabzonda PKK-çı terrorçuların şəhid etdiyi 16 yaşlı Ərənin qara rezin çəkmələrini göstərən ana oğlunun elə bər-bəzəkli ayaqqabısının olmadığını bildirib:

“Oğlumun elə yarlı-yaraşıqlı ayaqqabıları yox idi. Yay-qış bu qara rezin ayaqqabıları geyərdi. İndi də mən geyirəm o ayaqqabıları. Ərənimin şəhid olduğu gün də ayağındaydı bunlar. Tək istəyim odur ki, oğlumu öldürən qatilləri yaxalasınlar. Qulağımı o xəbərə şəkləmişəm. Yoxsa gözüm bu dünyadan açıq gedər”.

Gözü yaşlı ana Sezen Aksunun onun oğluna ithaf edərək paylaşdığı video ilə bağlı bunları deyib:

“Mən də bir çocuq sevdim. İçim yanır. Sezen Aksu da anadır, mənim nə çəkdiyimi yaxşı bilir”.

18 ay əvvəl ərinin dünyasını dəyişəndən sonra oğlu Ərənin evin kişisi olduğunu, min bir əziyyətlə çörəkpulu qazandığını və gətirib ona verdiyini, hər kəsin yardımına qaçdığını deyən 57 yaşlı gözüyaşlı ana Prezident Ərdoğanı evində gözlədiyini dilə gətirib:

“Gəlsin, öz əllərimlə ona quymaq bişirəcəyəm. Gəlsin, çünki mən ondan güc cəsarət alıram. Mənə zəng etməklə belə güc verdi. Başımın üstündə yeri var”.

Xatırladaq ki, 16 yaşlı Ərən Bülbül PKK terrorçularının açdığı atəş nəticəsində evlərinin qarşısında şəhid olub.


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər