14 Sentyabr 2017 11:44
2 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda Altun Ələkbərov bir qrup şəxs tərəfindən döyülərək bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərildikdən sonra həyatını xilas etmək mümkün olub.

Altun Ələkbərovun sözlərinə görə, 2017-ci il iyulun 7-də, saat 23 radələrində saçını düzəltdirdiyi bərbərxanadan çıxıb: “Dostlarım Orxan və Ceyhunla özümə məxsus “Niva” markalı avtomobildə evə gedərkən əvvəllər tanıdığım Taleh adlı şəxs maşınımı dayandırdı, mənimlə vacib işi olduğunu bildirdi. Ona təkidlə bildirdim ki, sözün var, burda de. Ancaq o, mənimlə vacib işinin olduğunu söyləyib inadkarlıq etdi. Onu və yanındakı tanımadığım şəxsi maşınıma götürmək məcburiyyətində qaldım”.

Zərərşəkmişin sözlərinə görə, Orxanı metronun “Elmlər Akademiyası” stansiyasında, Ceyhunu isə “Memar Əcəmi”də düşürdüm. Hamı düşəndən sonra Talehdən nə sözü olduğunu soruşdum. Təklif etdim ki, “Memar Əcəmi” ətrafında çay içək. Lakin Taleh “Nərimanov” metrosu tərəfə getməkdə israr etdi. Əvvəl razılaşmadım, amma sonra getməyi qərara aldım.

Biz “Nərimanov”da “Nənəmin təndiri” adlanan yerin yanında yerləşən “Nail” çay evinə çatdıq. İki nəfər tanımadığım şəxs yaxınlaşaraq mənimlə qapıda görüşdü. Bir az sonra əvvəldən tanışlığımız olan Sənan adlı şəxs kafedən çıxdı, bizə tərəf gəldi, mənimlə görüşdü. Bir anda 15-20 nəfər həmin yerə toplaşmağa başladı. Taleh isə yoxa çıxdı”.

Altun Ələkbərov qeyd edib ki, Sənan gözlənilmədən və heç bir səbəb göstərmədən beşbarmaqla onu vurub: “Sonra iki nəfər mənim qollarımı tutdu, Sənan təkrar həmin zədələnmiş yerə beşbarmaqla zərbə endirdi. Az sonra kəsici alətlə kimsə başımın arxasından vurdu və mən bir anlıq hüşumu itirdim.

Adlarını bilmədiyim 15-20 nəfər üstümə düşdü. Sanki məni öldürmək fikrində idilər. Kafedən çıxan tanımadağım iki nəfər mənə yardım etdi, məni onların əlindən aldı.

Məni döyənlər həm çox idilər, həm də küt və kəsici alətlərlə silahlanmışdılar. Gözlərini qan örtmüşdü. Həyati vacib orqanlarıma bıçaq, xəncər tuşlamışdılar.”.

Altun Ələkbərovun vəkili Səlahəddin Cəfərov Teleqraf.com-a bildirib ki, müvəkkilinin hüquqlarını istintaq orqanı pozub. Onun sözlərinə görə, Altun Ələkbərov heç bir səbəb olmadan 15-20 nəfər tərəfindən hüçüma məruz qalması, müxtəlif dərəcəli bədən xəsarəti alması ilə əlaqədar Nərimanov rayon Polis İdarəsinə müraciət olunub: “İstintaq araşdırmasının heç bir nəticə verməməsi, nümayəndəsi olduğum Altun Əkbərovun həyat və sağlamlığına xəsarət yetirən, cinayət törədən şəxslərin azadlıqda qalması və məsuliyyətə cəlb olunmaması hansısa maraqdan xəbər verir. Təbii ki, mənim və Altun Ələkbərovun atasının qorxusu azadlıqda olan cinayətkarlarla hər an zərərçəkən arasında neqativ hadisələrin ola biləcəyidir”.

Vəkil qeyd edib ki, bu tip işlərdə polis qətiyyət nümayiş etdirib və həmin şəxsləri dərhal tutaraq istintaqa təhfil verməli olduğu halda heç bir tədbir görməyib: “Ya bu cinayətkar dəstə polisin himayəsindədir, ya da müəyyən “razılaşma” əsasında onların cinayət məsuliyyətindən kənarda qaldığını düşünürük”.

Səlahəddin Cəfərov bildirib ki, əslində hadisə Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə və həmin məcəllənin digər maddələrinə tövsif edilməklə araşdırılmalıdır: “Araşdırmanı isə polis orqanı deyil, prokurorluqda aparılmalı idi. Çünki baş vermiş hadisənin qisas, intiqam almaq, həmçinin cinayətdə istifadə edilən alət və vasitə olan beşbarmağın, bıçağın olması, xəsarət yetirilən nahiyənin baş hissə, yəni həyati vacib orqan olması bu hadisənin qəsdən adam öldürməyə cəhd olduğunu göstərən dəlillərdir”.

Vəkil əlavə edib ki, müvafiq qurumlara müraciət edib, müvəkkilinə qarşı cinayət törədənlərin məsuliyyətə cəlb edilməsini istəyib.

Nərimanov rayon Polis İdarəsindən bildiriblər ki, istintaq şöbəsində fakt üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddə ilə cinayət işi başlanıb.

İstintaq hərəkətləri davam edir, hadisə ilə bağlı saxlanılan yoxdur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər