25 Aprel 2014 11:17
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vidadi Mirkamal: "Hanı onun sənədləri, təsis iclası?"

Ötən həftənin sonlarında Müsavat Partiyasının təşəbbüsü ilə bir qrup siyasi toplaşaraq Rusiyadan gələn təhdidlər məsələsini müzakirəyə çıxarıb.

Müsavata yaxın şəxslər isə bunu yeni toparlanma kimi qiymətləndirir.

Hətta Müsavatda keçirilən toplantı "Düşüncə Mərkəzi"nin ilk tədbiri kimi təqdim edilir, yaxın günlərdə bu qurumun strukturlarının yaradılacağı da iddia olunur.

Artıq Milli Şura Müsavat qərargahında İsa Qəmbərin təşəbbüsü əsasında keçirilən toplantıya dair mövqeyini ifadə edib. Qurumun Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal bildirib ki, müxalifət düşərgəsində olan toparlanmanı alqışlayır. Onun sözlərinə görə, bir neçə aydır fəaliyyətsiz olan qurumların hərəkətə gəlməsi yaxşı haldır: "Bu məsələlər real olaraq müxalifətçiliyə yönəlibsə, bu addımları müsbət hesab edirəm".

Bununla belə Vidadi Mirkamal deyib ki, Müsavatda keçirilən və "Düşüncə Mərkəzinin" tədbiri kimi qələmə verilən tədbirin real müxalifətçiliklə bağlı olub-olmamasını deyə bilməz: "Mən nə toplantıda iştirak etmişəm, nə onların müzakirə etdiyi məsələlərdən xəbərdaram, nə də onların niyyəti haqda məlumatlıyam. Amma insanlar bir yerə toplaşıb nəsə qurmaq istəyirlərsə və bu xalqımızın maraqlarına uyğundursa, belə addımları alqışlayıram. Müxalifət düşərgəsində ən ciddi və normal mübarizə yolu aparan Milli Şuradır. Əgər Milli Şuradan da yaxşısı yaranacaqsa, buyurub yaratsınlar. Bizim buna etirazımız yoxdur".

Vidadi Mirkamal daha sonda xatırladıb ki, onda olan informasiyaya görə, Müsavatda keçirilən sadəcə toplantıdır: "Bu hansısa təşkilatın yaranması deyil. Sadəcə olaraq bir araya gələrək Rusiya təhlükəsi haqda müzakirə aparıblar. Orada yeni birliyin yaranması məsələsi ümumiyyətlə müzakirə edilməyib. Əgər belə bir qurum formalaşıbsa, hanı onun sənədləri, təsis iclası?"

Milli Şura üzvü daha sonra deyib ki, onlar Müsavatda keçirilən məlum toplantıdan çox-çox əvvəl Ukrayna hadisələri, Rusiya təhlükəsi mövzusunda tədbir keçiriblər: "Bizim keçirdiyimiz bu tədbirə mətbuat vasitəsilə bütün qüvvələr dəvət olunmuşdu. Amma Müsavatda toplanan şəxslər bu tədbirə gəlmədilər. Demək istəyirəm ki, biz bu məsələni çox əvvəl müzakirə edərək mövqeyimizi ifadə etmişik. İndi isə Müsavat təxminən bu mövzuda tədbir keçirərək müəyyən insanları dəvət edib. Mən onlara uğurlar arzu edirəm".

Mirkamal deyib ki, Müsavatda keçirilən bu tədbirin müxalifətdaxilində qısqanclığa və siyasi rəqabətə heç bir aidiyyəti ola bilməz: "Müxalifət nə iş görüb ki, indi də öz arasında siyasi rəqabət aparsın, qısqanclıq yaransın. Müxalifət prezident seçkilərindən sonra zəif duruma düşüb. Əslində indi vəziyyətdən çıxmaq üçün yollar aranır. Ola bilsin ki, Müsavatda keçirilən toplantı da bu axtarışlardan biridir. Amma bu yığıncağın nəticəsi görünmür. Əgər görünərsə, bunu məmnuniyyətlə müzakirə edərək".

Sonda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü deyib ki, milli məsələlərdə hakimiyyətlə bir yerdə olmaq, Azərbaycana ola biləcək təhlükələri aradan qaldırmağa ehtiyac var: "Bu müxalifət üçün mənfi bir hal hesab oluna bilməz. Biz ümummilli məsələlərdə-Qarabağ məsələsi, Rusiya təhlükəsi kimi hallarda hakimiyyətin yanında olacağıq".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər