ABŞ-da məhbəs həyatı yaşayan Azərbaycan əsilli iş adamı Rza Zərraba qarşı hərsxanada sui-qəsd cəhdi baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı türkiyəli vəkil Mustafa Doğan İnal məlumat verib.
O bildirib ki, 6 gün əvvəl qaradərili məhkumlardan biri Zərraba bıçaqla hücum edib:
“Zərrab digər məhkumların köməyilə sui-qəsddən yayına bilib. Buna görə də ABŞ tərəfi Zərrabın yerini dəyişdirib”.
Bundan başqa, yayılan məlumatlarda iş adamının ölümlə təhdid edilərək, dindirilməyə aparıldığı deyilir.
Bu arada ABŞ-ın NBC telekanalı Zərrabın Nyu York prokurorluğu ilə əməkdaşlığa başladığını iddia edib. Məlumatlarda Zərrabın istintaqın sonunda azad ediləcəyi bildirilir.
Qeyd edilir ki, Zərrab son iki məhkəmə prosesində iştirak etməyib.
Xatırladaq ki, noyabrın 15-də Zərrabın vəkili Şeyda Yıldırım müdafiə etdiyi şəxsdən 5 gündür xəbərsiz olduğunu bildirmişdi. Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-da həbsdə olan Rza Zərrabla bağlı bu ölkəyə nota verdi. Daha sonra Zərrabın federal həbsxanaya köçürüldüyü bildirildi.