Fazil Mustafa: “Nə nurçu məktəbində oxumuşam, nə də Fəthullah Gülənin çıxışını dinləmişəm”
Suallarımıza Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa cavab verib. Müsahibimiz əsasən son zamanlar ona qarşı olan hücumlar, bunun səbəbləri, məqsədi haqda fikirlərini açıqlayıb. Eyni zamanda, İranın sabiq diplomatı Əsgər Fəridinin iddialarına cavab verib, Gülən camaatı ilə əlaqədə olub-olmaması, İraq Şam İslam Dövləti ilə bağlı danışıb, qardaş Türkiyədə keçiriləcək seçkilər, bu seçkilərin nəticəsi və seçkilərdən sonrakı Türkiyə haqda fikirlərini bölüşüb.
- Fazil bəy, son günlər gündəmdən heç düşmürsünüz, Sizə qarşı ciddi iddia və ittihamlar irəli sürülür. Ətrafınızda nə baş verir və niyə baş verir?
- Bu, əslində, gözlənilən bir şeydir. Hələ hesab edirəm ki, çox azdır. Azərbaycan əleyhinə olan qüvvələr var ki, onların mənafeyinə toxunan addımlar atanda dərhal hərəkətə gəlirlər. Bir qədər zəif adamlar onlara qarşı addım atanda onu asan şəkildə susdura bilirlər. Amma qarşılarında dirəniş göstərəndə geri çəkilir və haqsız vəziyyətə düşürlər. Orucluq bayramı ilə bağlı bildirdik ki, söhbət kiminsə məzhəbindən, dini baxışlarından getmir, amma təyin edilən vaxt ancaq İranın marağına xidmət edir və İslam dünyasının marağı ilə üzləşmir. Biz bunu qeyd etdik. Biz niyə bu insanların diqtəsi ilə hərəkət etməliyik? Bu mənada, sırf Azərbaycan dövlətçiliyi baxımından ortaya mövqe qoyduq. Bunu kimin necə qiymətləndirməsini hər kəsin öz anlayışı kimi qəbul etmək lazımdır. Amma biz Azərbaycan dövlətçiliyi maraqlarından çıxış edirik, çünki dövləti yerdən tapmamışıq. Bunlar xırda detallar kimi görünsə də, öz ölkəmizin maraqlarını qorumalıyıq. Mən bu məsələləri dilə gətirəndən sonra bu sistemə yaxın şəbəkə müxtəlif böhtan və təzyiq üsulları ilə fəaliyyətə başladı. Məqsədləri fikrimizdən geri çəkilməyimizə nail olmaq idi. Amma biz yenə də öz fikrimizdə qalırıq. Daha sonra barəmizdə kompromatlar, yalanlar axtarmağa başladılar. Biz də sübut etdik ki, bütün bunlar yalandır. Bizim yanaşmamız kiminsə dininə, kültürünə, mədəniyyətinə qarışmaq deyil. İndi mən İsraili tənqid edirəmsə, bir yəhudi durub məni söyməyəcək ki. Bunun yəhudiyə nə dəxli var? İsrailin atdığı addım yəhudiliyə, insanlığa qarşı addımdır. Bir ölkənin addımları yanlışdırsa, biz bunu tənqid ediriksə, ölkəmizdə olan bir qardaşımıza bunun nə aidiyyəti var? İstər sünni, istərsə şiə olsun. Əgər onlar başqa bir ölkənin müctəhidindən təlimat alırsa və sabah mənəvi liderləri onlara desə ki, gedin ermənilərə kömək edin, bəyəm etməyəcək? Adamlar Türkiyədə şeyxin ayağından öpürlər. Bunun şiə və sünnisi yoxdur ki. Ağlını kiməsə həvalə edən adamın məzhəbi dartışılmır. Həm də bu, İslama zidd hərəkətdir. Əgər başqa ölkələrdə belə hallar varsa, buyurub bunu davam etdirsinlər. Azərbaycan dünyəvi dövlətdir və bizim qanunlarımız var. Əgər kimsə başqa ölkədən təlimat alırsa, deməli, bizim ölkənin maraqlarına istənilən vaxt zidd hərəkət edə bilər. Mübariz İbrahimov şəhid olub, özü də eyni inancdan olan şəxsdir. Bəyəm, o, başqa ölkədən təlimat alaraq erməni üzərinə gedib? Xeyr. Vətəni üçün şəhid olub. Biz ona ancaq başımızın tacı, qardaşımız və şəhidimiz deyə bilərik. Ancaq kimsə gedib Suriyada yalançı cihad adına vuruşursa, mən buna da etiraz edirəm. Mənim üçün məzhəb fərqi yoxdur. Deyirəm ki, Azərbaycanı sevməli, onun qanunlarına tabe olmalısan. Mənəvi təlimat aldığın bir məsələdə Azərbaycana istənilən vaxt zərbə vura bilərsən. Mən də cəmiyyətimizə xəbərdarlıq edirəm. Bunu da hərə bir yerə yozaraq özünün gerçək mahiyyətini gizlətməyə çalışır.
- İranın sabiq diplomatı Əsgər Fəridi iddia edib ki, Siz vaxtilə İran XİN-ə gedərək Qafqaz şöbəsində görüş keçirmisiniz və hətta onlardan maliyyə dəstəyi istəmisiniz...
- Bu, rəsmi görüş olub. 1992-ci ilin fevral ayında İran inqilabının 13-cü ildönümü ilə bağlı Azərbaycan tərəfinə dəvət olub. Həmin vaxt nazir müavinləri, AMEA-nın işçiləri, rəsmi şəxslər İrana dəvət edilib. AXC-dən isə üç nəfər dəvət edilib: mən, Çingiz Qənizadə və Məşədi Vaqif. İstəyirsiniz, heç məndən bir şey soruşmayın. Həmin görüşdə məndən savayı daha iki nəfər iştirak edib. Çingiz Qənizadə və bu gün mövqeyi mənimlə əks qütbdə olan Məşədi Vaqif Pənahov. Rəsmi görüşdə biz üç nəfər iştirak etmişik. Necə oldu, üçümüz də bir söz demişik? Biz, sadəcə olaraq, AXC-nin mövqeyini onlara çatdırmışıq. Onlar da Bütöv Azərbaycan məsələsinə görə iradlarını bildiriblər. Biz də qeyd etmişik ki, bu, bizim prinsipial mövqeyimizdir, burada olanlar bizim qardaşlarımızdır. Birlikdə də rəsmi görüşdən çıxıb gəlmişik. Ancaq biri durub deyir ki, bəs Fazil Mustafa nəsə istəyib. Bunu mən adını çəkdiyim şəxslərdən soruşun. Məşədi Vaqif indi mənimlə əks qütbdədir. Buyurub soruşa bilərsiniz. Görün mövqeyimiz üst-üstə düşürmü?! Bu Məşədi Vaqif, bu da onun Allahı. Bu iddialar boş və mənasız məsələlərdir. Mən Əbülfəz Elçibəyin müşaviri idim. Əbülfəz bəy də hər gün İranı tənqid edirdi. Mən gedib İran XİN-ə deyirəm ki, bizə dəstək verin. Belə də axmaqlıq olar?
- Ancaq Sizi həm də İraq Şam İslam Dövləti adlı quruma dəstək verməkdə günahlandırırlar. Bu qurumla Sizin hansısa əlaqələriniz varmı?
- Bu, cəfəngiyyatdır. Adını çəkdiyiniz quruma qarşı ən sərt mövqe və bəyanatlarla mən çıxış etmişəm. Bu gün də dediyiniz mövzuda yazdığım yazı saytlarda durur. Oxuyun, görün bu məsələyə siyasətçilər arasında məndən sərt mövqe bildirən olubmu? Bu qurumun əməli antiislam əməlidir. Mən bunlara necə dəstək verə bilərəm?
- Həm də ortaya nurçuluq məsələsini atırlar...
- Mənim nurçuluqla bağlı olduğuma dair hansı sübutları var? Mən nə nurçu məktəbində oxumuşam, nə Fəthullah Gülənin kitabını, çıxışını dinləmişəm. Heç bu, məni maraqlandırmır da. Mən, sadəcə olaraq, məktəbi müdafiə etmişəm. Demişəm ki, məktəbi bağlamaq olmaz, çünki bu, təhsilimizə zərbədir. Bundan başqa, nə demişəm? İndi mən bunu deməyim ki, kimsə mənə qarşı yazacaq? Mən məktəbi cəmiyyətimizə görə müdafiə edirəm. Çünki onun yerində yaranan boşluğu Rusiya və İran doldurur. Kökü budur. Əslində, mən susa da bilərəm, amma bir vətəndaş olaraq sözümü deyirəm. Mən danışmayım ki, kimsə mənə deyəcək ki, sən filankəssən? Belə yanaşmamı olar? Bizə siyasətdə o qədər böhtanlar atıblar ki... Amma zaman göstərdi ki, biz öz sözümüzü deyirik. Bəs nə oldu indi bu adamların birinin səsi çıxmır? İrana qarşı mövqeyi olan adamlardan biri tezis irəli sürürsə, buna dəstək vermirlər. Çoxu da özünü qorumaq, baş girələməklə məşğuldur. Yalançı vətənpərvər obrazı ilə cəmiyyətdə görünərək guya Azərbaycanın gələcəyini düşünürlər. Buyurun, Azərbaycanın gələcəyi ilə bağlı mövqe bildirin. Hanı müxalifətdə dəm vuranlar, niyə cəmiyyətdə mövqe bildirmirlər? Heç biri ortalıqda yoxdur. Əslində, bu gün mənim susmağa daha çox imkanım var. Susum, heç nəyə qarışmayım, başımı girələyim. Belə şeylər olmaz.
- Bir neçə gündən sonra Türkiyə tarixində ilk dəfə olaraq prezidenti xalq seçəcək. Bu haqda nə düşünürsünüz, seçkidə qalib gəlmək şansı kimdə daha çoxdur?
- Hakimiyyətin resursları kimin əlindədirsə, onun qalib gəlmək şansı daha çoxdur. Bu, son bələdiyyə seçkilərində də göründü. Resurslardan ağıllı istifadə edəndə nəticədə daha çox qazana bilir. Odur ki, indiki hakimiyyətin seçkiləri qazanma ehtimalı daha yüksəkdir. Ancaq bu, Türkiyənin problemlərini həll eləmir. Əksinə, Türkiyə daha dərin ziddiyyətlər və qarşıdurma mərhələsinə gedəcək. Ərdoğanın indiyə qədər olan fəaliyyətində müsbət addımlar çox idi. Amma son dönəmlərdə Ərdoğanın üslubu kinli, barışmaz, cəmiyyətin parçalanması istiqamətindədir. Onun gəlişi artıq cəmiyyət üçün müsbət impluslar yaratmır. Bu baxımdan, Türkiyədə keçiriləcək seçkilər ümidverici seçki kimi ortaya çıxmayacaq. Bu da bizi narahat edir. Çünki Türkiyənin başının daxili işlərinə qarışması ciddi problem yarada bilir. Mən Ərdoğana dəstək verən, onun fikirlərini müəyyən mənada dəstəkləyən, buna bir fürsət kimi yanaşan insan oldum. Amma son dönəmlər atılan addımlar məndə də narahatlıq yaradıb. Hakimiyyətdə olasan, 50 faiz səs alasan və həm də cəmiyyətin qütbləşməsinə gedəsən. Hakimiyyətdə olan adam buna getməməlidir.
- Müxalifətin durumunu necə qiymətləndirirsiniz?
- Türkiyədə müxalifətin durumu nəzərdə tutulan səviyyədədir. Bu səviyyədən qalxmaq və ya enmək gözlənilmir. Solun, millətçinin, cümhuriyyətçinin bəlli səsi var. Amma son dönəmlər Türkiyədə həm də xalq müxalifəti formalaşmağa başlayır. Artıq müxalifətdən və hakimiyyətdən əlini üzən kütlə özü problemləri həll etməyə çalışır.
- Bu, pozitiv haldır?
- Bu, pozitiv hal deyil. Ölkədə inkişaf seçkilər, parlament vasitəsilə irəli getməlidir. Aşağıdan olan təzyiq xaosa və qarşıdurmaya gətirib çıxara bilər.
- Ərdoğanın alacağı səs azı 51 faiz civarında olacaq. Bəs müxalifətin?
- Mən də güman edirəm ki, Ərdoğan seçkidə 51 faiz səs əldə edəcək. Ancaq bu, türk cəmiyyətinin dəstəyi ilə bağlı deyil. Burada solun, millətçilərin fəaliyyəti ilə bağlı məsələ var. Fikrimcə, bu seçkilərdə MHP və CHP-nin birgə səsi 45 faiz civarında olacaq. Əslində, seçkilərdə kürdlərin səsi əsas rol oynayacaq. Kürdlər formal olaraq Dəmirtaşın namizədliyini irəli sürüblər, ancaq onlar Ərdoğanı dəstəkləyəcək. Çünki yeganə şəxs Ərdoğandır ki, Abdulla Öcalanı azadlığa buraxa bilər. Kürdlər nə qazana bilərlərsə, Ərdoğanın vaxtında qazana bilərlər. Odur ki, kürdlər Ərdoğana işləmədiklərini isbatlamaq üçün görüntü versələr də, əslində, Ərdoğana səs verəcəklər.
Nemət Hüseynli