Samux rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Qarabağlar kəndi ərazisindəki artezian quyusuna nəzarət edən gözətçi otağına atəş açılması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” xidmətinə məlumat daxil olub.
Baş verən hadisə ilə bağlı Samux rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Beybudovun ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açdığı müəyyən edilib.
Qırmalardan biri Elsevər Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəyib. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Behbudov saxlanılıb.