Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, avqustun 1-də, səhər saat 7 radələrində Bərdə rayon ərazisində 1967-ci il təvəllüdlü Ülfət Həsənov bıçaqlanıb.
O, kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlumatla əlaqədar Bərdə rayon polis şöbəsində dərhal əməliyyat qrupu yaradılıb.
“İsti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon Həsənqaya kənd sakini, 1993-cü il təvəllüdlü Rəhim Mamedov saxlanılıb.
Cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Məlum olub ki, hadisə qisqancliq zəminində baş verib.
Belə ki, Ülfət Həsənov Bərdə rayonunda fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında satıcı işləyən Y. M.-ovaya qarşı əxlaqsız hərəkətlər təklif edib. Bundan qadının qohumu Rəhim xəbər tutub və ora gələrək, Ülfət Həsənova 4 bıçaq zərbəsi vurub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ülfət Həsənov “Bərdə OBA market-7” mağazasının administratoru işləyir.