Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Vüsal Abıyev quldurluqla üzləşməsi barədə Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə müraciət edib.
O, rayonun Şərifli küçəsi 96 ünvanında iki nəfər tanımadığı şəxsin ona hücum edərək xəsarət yetirdiklərini, daha sonra mobil telefon və noutbukunu əlindən aldıqlarını bildirib.
Qeyd edilən hadisədən 3 gün sonra eyni məzmunlu şikayətlə polis şöbəsinə bir nəfər qadın da müraciət edib. Həmin qadın içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər tərəfindən zorla onun əlindən aldığını bildirib.
Hər iki quldurluq hadisəsi ilə bağlı 25-ci polis şöbəsində dərhal araşdırmalara başlanılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətlərin eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşib.
Quldurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər.
Həmçinin qeyd etmək lazımdır ki, saxlanılan şəxslər quldurluq hadisələri zamanı zərərçəkənlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Qeyd edilən faktlarla bağlı 25-ci polis şöbəsində toplanan material araşdırılması üçün Nizami rayon Polis idarəsinə göndərilib.
Gördüyünüz şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami rayon Polis idarəsinə və ya 25-ci polis şöbəsinə müraciət edə bilərlər.