Qabil Hüseynli: “Azərbaycan-Türkiyə münasibətlərində soyuma böyükdür”
Türkiyədə keçirilən ilk prezident seçkilərinin qalibi Rəcəb Tayyib Ərdoğan oldu.
Onun baş nazir olduğu dönəmdə Cənubi Qafqaz regionu ilə bağlı yürütdüyü siyasətdə bəzən Azərbaycan üçün “sürpriz” addımların şahidi olurduq. Bu da əsasən Türkiyə-Ermənistan əlaqələrində özünü göstərirdi.
Maraqlıdır ki, yeni prezidentin inaqurasiya mərasiminə hər zaman Türkiyəyə düşmən mövqe sərgiləyən və hətta bunu dilə gətirməkdən çəkinməyən Ermənistan prezidenti Serj Sərkisyan da dəvət edilib. Qarşı tərəf isə açıqlamasında qeyd edib ki, bu mərasimdə Ermənistanı xarici işlər naziri Edvard Nalbandyan təmsil edəcək. Əslində, bu addımı Ərdoğanın prezidentliyi dönəmində Türkiyənin Azərbaycana, eləcə də Ermənistana necə mövqe sərgiləyəcəyinin işartısı kimi də qəbul etmək olar və ya əksinə.
Artıq bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətində, siyasi elitasında etiraz xarakterli fikirlərlər yer alıb. Misal üçün, millət vəkili Aydın Mirzəzadə Facebook-dakı statusunda qeyd edib ki, avqustun axırına planlaşdırılan inaqurasiyaya artıq 50 -dən çox ölkənin ən yüksək nümayəndələrinin gəlişi gözlənilir və tədbirə böyük hazırlıq görülməkdədir: “Ancaq yayılan bir xəbər Türkiyənin dostlarını çaşdırmaqdadır. Ölkə rəhbərliyi inaqurasiyaya Ermənistan prezidenti Serj Sərkisyanı da dəvət edib. Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil”.
Millət vəkili bildirib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir: “Erməni dövləti bütün dünyada Türkiyəni uydurma "1915-ci il erməni soyqırımında" ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı olmazın ittihamlar irəli sürülür. Elə S.Sarqsyan da Türkiyəyə sevgisini bir sıra antitürk bəyanatları ilə ortaya qoyubdur.
İndi Türkiyənin Ermənistan rəhbərini inaqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyil. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələr olmayan ölkələrin nümayəndələrinin dövlətiçi tədbirlərə dəvət edilmə praktikası yoxdur. İnaqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyildir”.
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli isə deyib ki, Ərdoğan prezident kimi fəaliyyətə başladıqdan sonra Azərbaycana, Ermənistana, bütövlükdə Cənubi Qafqaza münasibəti əvvəlki kimi olacaq: “Çünki Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin iradəsindən asılı deyil. Bir qədər soyuqlaşma, müəyyən qədər gərginliklər olacaq. Ona görə ki, Ərdoğanın artıq Ermənistanla sərhədləri açmaq niyyəti hiss edilir. Bunlar münasibətlərə müəyyən bir sərinlik gətirə bilər. Həmçinin Ərdoğan hakimiyyəti sərtləşdirmək və eyni zamanda avtoritarlaşdırmaq niyyətindədir. Onun təkcə Azərbaycanla deyil, bir çox ölkələrlə münasibətinə mənfi çalarlar gətirəcəkdir. Güman edirəm ki, münasibətlərdə girişli-çıxışlı yollar olacaq. Düzdür, münasibətlərin fundamental dəyərləri-dostluq, qardaşlıq və sair qorunub saxlanılacaq. Amma Ərdoğan müəyyən manevrlər etməyə çalışacaq ki, bəzən Azərbaycanın maraqları da qorunsun”.
Politoloq əlavə edib ki, Ermənistan prezidentinin inaqurasiya mərasiminə dəvət edilməsi Türkiyə tərəfindən atılan yanlış addımdır: “Çünki Ermənistan Türkiyə ilə diplomatik əlaqələr saxlamır. Bundan əlavə ermənilər Türkiyəyə qarşı ərazi, qondarma soyqırımı iddiaları və bir sıra böhtanlar irəli sürür. Belə bir şəraitdə Türkiyənin bu cür addım atmasını başa düşmək çox çətindir”.
Q.Hüseynlinin sözlərinə görə, bu heç Türkiyənin yeni, amma açıqlanmayan qonşuluq siyasətinə də uyğun gəlmir: “Birtərəfli qonşuluq siyasəti olmur axı? Bu qarşılıqlı olmalıdır. Əgər Ermənistan bunu istəmirsə, buna can atmırsa, Türkiyə isə birtərəfli qaydada Sürix protokollarını canlandıraraq sərhədləri açmağa, hətta lazım gəlsə, diplomatik münasibətlər yaratmaq istəyirsə, onda bunu nə adlandırmaq olar? Zənnimcə, hələ ki işartıları görünən müəyyən xoşagəlməz normal olmayan məsələlər var. Biz gözləməliyik ki, daşlar yerinə otursun və hər şey olduğu kimi görünsün. İndidən münasibətləri qarışdıra biləcək rəy vermək fikrində deyiləm. Amma proqnoz xarakterli deyə bilərəm ki, Azərbaycan-Türkiyə münasibətlərində soyuma böyükdür”.
BƏXTİYAR