29 Aprel 2014 13:08
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat başqanı İsa Qəmbər ötən gün keçirdiyi tədbirdə mitinq keçirmək niyyətində olduğunu dilə gətirib. Amma Azərbaycan siyasi mühitində mövcud durğunluğu nəzərə alsaq, mitinq ideyasının gerçəkləşib- gerçəkləşməyəcəyi sual doğurur.

Görəsən, Müsavatın bu qərarı digər partiyaların nümayəndələri tərəfindən necə qarşılanacaq?

“İctimai rəyi öyrənmək lazımdır”

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov bildirib ki, mitinq keçirmək təkcə təşkilatın gücündən, təcrübəsindən deyil, həm də situasiyadan asılıdır. Onun sözlərinə görə, seçki dövründə fəallıq artdığı üçün kütləvi aksiyalar keçirmək daha asandır, nəinki qeyri-seçki dövründə: “İndi isə elə bir dövrdür ki, seçkilər yoxdur. Gözlənilən bələdiyyə seçkiləri isə payızda olacaq. Ona görə də seçici aktivliyi yoxdur. Buna görə də əvvəl ictimai rəyi öyrənmək lazımdır, sonra isə qərara gəlmək olar ki, yüksək mütəşəkkilli aksiya alınar, yoxsa yox”.

H. Rüstəmov Müsavatın son dövrlər keçirdiyi aksiyalar və tədbirlərlə bağlı məlumatı olmadığını deyib: “Bu partiyanın indiki dövrdə hansı səviyyədə və aksiya təşkil eləməkləri ilə bağlı bir təsəvvürüm yoxdur. Mitinqi keçirmək üçün böyük maliyyə vəsaiti lazımdır. Əgər Müsavat iddia edirsə, buyursun belə bir aksiya keçirsin”.

“Müsavat mitinq yox, qurultay keçirsin”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı Müsavat Partiyası başqanı İsa Qəmbərin müxalifətin mitinq keçirməsinin zəruriliyi ilə bağlı fikirlərinə münasibət olaraq bildirib ki, Müsavat Partiyası mitinq əvəzinə 2 ildən artıqdır yubanan qurultayını keçirsə, daha yaxşı olar. Onun fikrincə, istənilən partiya mitinq keçirməkdə sərbəstdir: “Azərbaycanda sərbəst toplaşmaq azadlığı mövcuddur. Bu hüquqdan da istifadə olunur. Müsavat Partiyası son vaxtlar siyasi proseslərdə görünməməsini və yenidən siyasi aktivliyini mitinq keçirməklə başlamaq istəyir. Məncə, bu gün Azərbaycan cəmiyyətinin mitinqlərdə iştirak etmək göstəricisi hamıya məlumdur. Müsavat Partiyası Milli Şurada olanda keçirdikləri mitinqə 3-5 mindən artıq adam gəlməyib. Partiyanın təkbaşına keçirəcəyi mitinqdə aktivliyin olmayacağını indidən söyləmək mümkündür”.

“Kimdir İsa Qəmbər?”

Ana Vətən Partiyasının sədri , millət vəkili Fəzail Ağamalı isə sualı eşidər-eşitməz, “İsa Qəmbər kimdir ki, onun fikirlərinə şərh verim?” dedi.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər