8 Fevral 2019 16:12
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə Bölməyə ərizə ilə müraciət edərək bildirib ki, çalışdığı müəssisədəki kabinetindən “İphone 6” və “İphone 7” markalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb.

Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb.

Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə Sadiq Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus “Samsung Edge 7”, “İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasient kimi müraciət edib.

Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.

Qeyd edək ki, Sadiq Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı 16-cı polis bölməsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsinə və ya 16-cı polis bölməsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər