27 Fevral 2019 21:15
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə yol kənarında dayanan qadının qəfildən özünü hərəkətdə olan avtomobilə çırpmasını əks etdirən görüntü yayılıb.

Teleqraf.com Xəzər xəbər-ə istinadən xəbər verir ki, qadının bu hərəkəti nə məqsədlə etdiyi bilinməsə də, hüquqşünasların sözlərinə görə, bu üsulla hər hansı şəxsdən pul tələb edilməsi cinayət əməlidir və bunu edən şəxs 3 ildən 5 ilə qədər həbs edilə bilər.

Yolun əks tərəfində dayanan qadın anidən hərəkət edir və özünü orta sürətlə gələn avtomobilin yan hissəsinə çırpır və yerə yıxılır. Sosial şəbəkələrdə paylaşılan bu görüntülər Yasamal rayonunda çəkilib.

Ola bilər ki, qadının ayağı sürüşdüyü üçün yıxılsın. Buna görə də piyadalar yol keçərkən diqqətli olmalıdır. Lakin görüntünü izləyən sürücü və piyadalar bunun məqsədli şəkildə edildiyini iddia edir. Onların sözlərinə görə, bu kimi hərəkətləri əsasən sürücüdən pul tələb etmək istəyən şəxslər edir və sürücü qorxduğundan piyadanın istəyi ilə razılaşır.

Elə sosial şəbəkələrdə verilən məlumata əsasən, həmin avtomobili idarə edən Elməddin Bayramov adlı sürücü daha sonra qadına xəstəxanaya getməyi təklif etsə də, qadın bundan imtina edib.
Qeyd edək ki, ölkəmizdə zaman-zaman bu şəkildə özünü maşına çırparaq hay-küy salan piyadalar rast gəlinir və bunun örnəkləri də var.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə isə bu hərəkət əgər sürücüdən pul almaq məqsədi ilə edilibsə və bu məhkəmədə sübuta yetirilsə, onu edən şəxs Cinayət Məcəlləsinin 182-ci, ''Hədə qorxu yolu tələb etmə'' maddəsi ilə cinayət işi açıla və həmin şəxs 3 ildən 5 ilə qədər həbs edilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər