Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 22 yaşını qeyd edəcək.
Teleqraf.com-un məlumatına görə, partiya bayram tədbirini sentyabrın 26-da öz üzvləri ilə birgə qeyd edəcək.
VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, geniş tədbir nəzərdə tutulmayıb: “Həm partiyanın mərkəzi qərargahında, həm də rayon təşkilatların xudmani ad günü tədbiri keçirəcəyik”.
Onun sözlərinə görə, hazırda partiyanın rayon və şəhər təşkilatları qurultay hazırlıqları ilə bağlı konfranslarını keçirir: “Oktyabrın 1-dən etibarən hazırlıqlar intensivləşəcək. Konfranslarda qurultaya nümayəndələr seçiləcək, eyni zamanda bu il keçiriləcək bələdiyyə seçkilərində namizədlər müəyyənləşəcək”.
S.Əsədli qeyd edib ki, qurultayın vaxtı məlum olmasa da, gələn il keçirilməsi nəzərdə tutulur: “Hələ dəqiq vaxt müəyyənləşməyib. Konfranslarımızı bitirəndən sonra 1 ay müddətində qurultayın vaxtı bəlli olacaq və 30 gün ərzində namizədlərin irəli sürülməsi prosesinə başlanacaq. Müzakirələr açılanda kim hansı postda özünü görəcəksə, onda iddialılar da bilinəcək”.
O, qurultayın keçiriləcəyi yerin də müzakirə obyekti olmadığını söylədi.
S.Əsədli hakerlər tərəfindən dağılmış partiyanın rəsmi saytı olan vhp.az və “Vətəndaş həmrəyliyi” qəzetinin elektron versiyası - vhpress.az saytlarının fəaliyyətinə də toxunub.
Onun sözlərinə görə, sözügedən saytların səhifələrinə “İŞİD”-in bayrağı yerləşdirilmişdi: “Bunlar da vəhhabi qrupları hesab olunur. Partiya saytının informasiya bazası tamamilə məhv edilib. Onu bərpa etmək mümkün olmadı. Həm VHP üçün, həm də Dünya Azərbaycanlıları Konqresi üçün yeni veb-saytlar hazırlanır. Daxildən müəyyən maraqlı qüvvələr və ya erməni hakerlər bu hücumu təşkil edə bilər. Amma fakt odur ki, partiyamızın saytına “İŞİD” bayrağı yerləşdirilmişdi”.
Qeyd edək ki, iyunun sonlarında partiya sədri də daxil olmaqla VHP funksionerlərinin elektron ünvanlarına, sosial şəbəkədəki profillərinə hücumlar olub.
Nərgiz