Bakıda daha bir uşağa itlər hücum edib.
Teleqraf.com xəbər verir ki, hadisə Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında baş verib.
İtlərin hücumuna məruz qalan uşaq Publika.az-ın əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist bildirib ki, övladına hücum edən itlərin “ağızlığı” olmayıb:
“Bu gün parkda itlər oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itlərin üstünə atanda itlərin sahibləri ona hücum çəkib. Fotodan da göründüyü kimi itlərin “ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.
Jurnalist qeyd edib ki, itlərin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.
“Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”, - deyə o bildirib.