Qazaxda kollec tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm Qocayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin edilib.
İttihama görə, Qazax rayonunun Çaylı kəndində 1999-cu il təvəllüdlü Rahil Cələddinli 17 yaşlı Məhərrəm Qocayev tərəfindən qətlə yetirilib.
Hadisə borc üstündə baş verib.
Qazax Dövlət Sosial İqtisad Kollecinin 3-cü kursunda təhsil alan Rahil Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi Məhərrəm Qocayeva təqribən 25-30 manat pul borc verib.
Rahil Cələddinli hadisə günü pulunu geri tələb edib.
Məhərrəm Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub.
Nəticədə Məhərrəm Qocayev bıçaqla Rahil Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törədən şəxs isə saxlanılıb.
İstintaq orqanı tərəfindən Məhərrəm Qocayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.