Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Tomaş Orlovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, T.Orlovski Polşa tərəfindən Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasında rolunun yüksək qiymətləndirildiyini qeyd edib. O, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün NATO əməliyyatlarına verdiyi töhfələrinə görə də Azərbaycana təşəkkürünü bildirib.
E.Məmmədyarov Azərbaycanın enerji və infrastruktur layihələri və qarşılıqlı faydalı əməkdaşlıq şəbəkəsi vasitəsilə region və onun hüdudlarından kənarda sabitliyə töhfə verdiyini deyərək, sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyinin qeyd olunacağını və bu çərçivədə Bakıda Cənub Qaz dəhlizinin genişləndirilməsi və Trans-Anadolu layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini bildirib.
Nazir Dağlıq Qarabağ münaqişənin region üçün əsas təhlükə mənbəyi olduğunu qeyd edərək, ATƏT Minsk qrupunun həmsədr ölkələri tərəfindən müxtəlif səviyyələrdə bəyan edildiyi kimi mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıb. E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Avropa İttifaqı ilə əlaqələrə dair aparılan müzakirələr zamanı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın dövlətlərin imkanları və fərqli maraqları nəzərə alınaraq inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malik olduğunu qeyd edərək, rəsmi Bakının digər sahələrdə də Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq niyyətini ifadə edib.
Səxavət