18 Sentyabr 2014 16:08
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilir. Seçicilər bülletendəki “Şotlandiya müstəqil ölkə olmalıdırmı?” sualına “hə” və ya “yox” cavabını verməlidir. Şotlandiya müstəqil olacağı təqdirdə 24 mart 2016-cı ildə rəsmən Böyük Britaniyadan ayrılacaq.

Şotlandiyadakı seçkiləri REAL Hərəkatının icra katibi Natiq Cəfərli şərh edib: “Şotlandların, katalonların müstəqillik eşqini anlayıram, amma, indiki dünyada bu gedişatı tam lüzumsuz, hətta, Avropanın gələcəyinə təhdid kimi görürəm. Əgər müstəqillik baş tutsa, bu, çox pis bir presedent yaradacaq, pis yöndə təsiri Türkiyəyə, Azərbaycana, Gürcüstana, Ukrayna və Moldovaya da olacaq. Şotlandlar da, katalonlar da mərkəzi büdcəyə aldıqları yardımdan daha çox vergi verdiklərini söyləyirlər. Bu, doğru yanaşma deyil, sabah müstəqil olsalar, orduya, polisə, məhkəməyə, təhlükəsizliyə, yeni dövlət və hökumət strukturlarının yaranmasına, xarici təmsilçiliklərin açılmasına milyardlarla dollar vəsait xərcləməli olacaqlar. Yəni, iqtisadi cəhətdən ziyanlı çıxacaqlar”.

N.Cəfərlinin fikrincə, şotlandlar neftə güvənsələr də, neft erası isə artıq bitir: “Katalonlar isə turizmə güvənir, amma, Frankonun nəvələri aşırı sağ ispan qüvvələr acığa düşüb orada ildə 1-2 terror törətsələr, turizm çökəcək. Dünya problemlər içindədir, belə dönəmlərdə hamı öz evinin içini düşünür, bu, təbiidir. Amma hamı kiçilərək, qapanaraq problemlərdən qorunacağını sanır. Səhv yanaşmadır, dünya ancaq inteqrasiya proseslərini sürətləndirərək, birlikdə, ümumbəşəri dəyərlərə sadiq qalaraq çətinliklərdən qurtula bilər. Ümid edirəm ki, şptlandlar “yox” deyərək, bu lüzumsuz söhbətlərə Avropada, dünyada son qoyacaqlar!”

Qeyd edək ki, Şotlandiya İngiltərə, Uels və Şimali İrlandiya ilə birlikdə Böyük Britaniyanın tərkibindəki 4 ölkədən biridir. Şotlandiya Böyük Britaniyada 5,5 milyon əhali ilə İngiltərədən sonra ən çox əhalisi olan ikinci ölkədir.

Böyük Britaniya kraliçası II Yelizaveta Şotlandiya probleminə ilk dəfə münasibət açıqlayıb.
Kraliça jurnalistlərin referendum barədə sualına cəmi bir cümlə ilə cavab verib: “Ümid edirəm ki, insanlar gələcək barədə yaxşı-yaxşı düşünəcəklər”.

Şotlandiya 1707-ci ildən İngiltərə ilə ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.

Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər