ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Macarıstanın Daxili İşlər Nazirliyi ilə birgə insan alverinin qarşısının alınması və ona qarşı mübarizə sahəsində çalışan Azərbaycanın hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin Macarıstana səfərini dəstəkləyir.
ATƏT-in Bakı Ofisindən Teleqraf.com-a verilən məlumata görə, beş günlük təcrübə səfəri Layihə Əlaqələndiricisinin “İnsan alverinə qarşı mübarizə” layihəsinin tərkib hissəsidir.
Layihənin əsas məqsədi insan alverinə qarşı mübarizədə uğurlu təcrübələrin mübadiləsi və çıxarılmış nəticələrin müzakirəsini dəstəkləməkdən ibarətdir.
ATƏT-in Bakı Layihə Əlaqələndiricisi səfir Aleksis Şahtaxtinski deyib ki, ATƏT istismar və müasir köləliyin hər formasına qarşı Azəbaycanın mübarizə səylərini dəstəkləyir: “İnsan alveri ATƏT regionunda transmilli təhdiddir və biz 25 iyul 2014-cü il tarixində Azərbaycan prezidentinin təsdiqlədiyi üçüncü Milli Fəaliyyət Planının icrasında Azərbaycana köməklik göstəririk. İnanıram ki, ATƏT-in iştirakçısı olan digər dövlətlərin uğurlu təcrübələrinin mübadiləsi insan alverinin qarşısının alınması və təqibi, eləcə də insan alveri qurbanlarının müdafiəsində daha da irəliləmək üçün Azərbaycana kömək edəcək.”
Azərbaycan nümayəndə heyətinə Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin üç vətəndaş cəmiyyəti təşkilatının nümayəndələr daxildir.
Onlar Macarıstanın Daxili İşlər Nazirliyi, Milli Təhqiqat Bürosu, İctimai İdarəçilik və Ədliyyə Orqanı, həmçinin İnsan Alveri Qurbanlarına Dəstək Xidməti, Ailə və Sosial Siyasət İnstitutu, Milli Böhran Telefon Məlumat Mərkəzi və digər hökumət agentlikləri ilə görüşlər keçirəcəklər.
Azərbaycanlı və macar mütəxəssislər insan alveri qurbanlarına mümkün dəstək və yardım mexanizmləri, eləcə də milli tövsiyə mexanizmlərinin tətbiqi, insan alveri qurbanlarının müəyyən edilməsi prosedurları, cinsi və əmək istismarı məqsədi daşıyan insan alverinin təhqiq və təqib olunması məsələlərini müzakirə edəcəklər.
Nümayəndə heyəti həmçinin Mosonmagyarovar şəhərində insan alveri qurbanları üçün olan sığınacağı ziyarət edəcək.
Nemət