Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa yas mərasimlərinin birində mollanın onu vəhhabi adlandırması və israfçılığa qarşı mübarizənin başında durması barədə fikirlərinə sərt etiraz edib.
Teleqraf.com-un məlumatına görə, F.Mustafa özünün Facebook səhifəsində yazıb: “Dostlardan biri məlumat verdi ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı belə bir izah verib: “Yaslarda yemək yemək bizim milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər vəhhabilərdir, onların başında da Fazil Mustafa durur”.
Demək ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Qarınlarını doydurmaq üçün yoxsul insanların iztirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar.
Həmin mollanın kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq. Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan Şanlı İldırım adlı profildən də təhqiramiz mesaj aldım və orada da məni yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni nurçu adlandırmışdı. İndi qalmışam məəttəl, bunlar arasında görünür ki, koordinasiya yoxdur ki, müəyyən etsinlər ki, mən kiməm! Aşıq Ələsgər gözəl demiş, deyilmi:
Hərcayıdan, müxənnəsdən, nakəsdən,
Nə qalmadı sənətkara dəyməmiş.
Dostlar, bu yolda hər şey deyəcəklər, Allahı, İnsanı və Vətəni sevməyin bəlkə də çiləsidir bu. Devlərin aşqı da, çiləsi də böyük olur!”.
Nərgiz