21 Yanvar 2020 13:18
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən ağır yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 20-də saat 10 radələrində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində rayon sakini Malik Kərimovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil və Şəki rayon sakini R.Həsənovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, həmin gün saat 2 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Mikayılov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən 40-50 yaşlı kişini vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir yol qəzası yanvarın 20-də saat 8 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.

M.Azizov idarə etdiyi “Volvo” markalı yük avtomobilini qarşıda gedən Cəlilabad rayon sakini Rasif Əzimovun idarə etdiyi “QAZel” markalı avtomobilə vurub, sonuncu nəqliyyat vasitəsi yol ayırıcısına dəydiyindən yanğın baş verib.

Nəticədə R.Əzimov avtomobildə yanaraq ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov