Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Şıxlı kəndinin ərazisində yerləşən ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş Coşqun və Seymur Məmmədovlar saxlanılıb. Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, S.Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pulu, C.Məmmədovun isə başqa bir şəxslə əlbir olub 2 avtomobildən maqnitofonlar oğurladıqları məlum olub.
Faktla bağlı Ağdaş rayon polis şöbəsinin istintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.