Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 26-da, saat 13 radələrində Yasamal rayonu, Moskva prospektində qeydə alınıb.
Belə ki, naməlum şəxs 1981-ci il təvəllüdlü F.Məmmədovanın mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirib.
Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Elgün Hacıyev müəyyən edilərək saxlanılıb.
Bundan başqa, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini L.Bağmanova yanvarın 28-də rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək içərisində pul, 2 ədəd mobil telefon, açarlar, sənəd və bank kartları olan çantasını aldığını bildirib.
Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi və 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.