29 Mart 2020 15:00
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən Orxan Salamzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

İttihama görə, ötən il dekabrın 5-də, saat 20.00-da taksi sürücüsü, 29 yaşlı İlyaz Şirəliyev “Mercedes” markalı avtomobili ilə naməlum müştərini götürüb.

Xətai rayonunda hərəkətdə olarkən müştəri bıçaq çıxararaq sürücünün böyrünə dirəyib və içində 100 manat olan pul qabısını alıb.

Daha sonra həmin şəxs maşını Yasamal rayonuna sürdürərək Qəbələ dairəsində düşüb qaçıb.

Əməliyyat axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törədən müştəri, İmişli rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Salamzadə tutulub.

İstintaq orqanı tərəfindən Orxan Salamzadənin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov