1 Oktyabr 2014 17:48
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlbəttə, qarşı tərəf qərar qəbul edə, kimlərisə partiyadan uzaqlaşdıra bilər. Eləcə də, rayon təşkilatlarında manipulyasiyalar, ayrı-ayrı üzvlərə qarşı münasibətlər və s. proseslər olacaq. Ancaq bir şeyi dəqiq anlamaq lazımdır ki, heç kim heç kimi siyasətdən silə bilməz”.

Bunu Teleqraf.com-a müsahibəsində Müsavat Partiyasının funksioneri, professor Adil Qeybulla bildirib. Müsahibəni təqdim edirik.

- Adil bəy, Müsavat Partiyasının qurultayından sonra yaşanan prosesi necə qiymətləndirirsiniz?
- Çox təəssüf edirəm ki, başqan seçkilərindən sonra təlatümlər yaşanır. Artıq bunun konturları görünməkdədir. İkincisi, bu gün Müsavatın real gücü elə qurultayda toplananlardan ibarət idi. Bir az bundan çox ola bilər. Ümumi vəziyyət belədir ki, neçə illərdir siyasi uğura nail olmamaq sindromu, insanların yaşlaşması, sıraların seyrəlməsi halları var. Eyni zamanda qurultayda başqan seçkiləri zamanı səslərin iki bərabər yerə paylanması göstərir ki, partiyada iki fraksiya var. Bu, artıq danılmaz faktdır. Düzdür, normal partiya üçün fraksiya, siyasi rəqabət, mübarizə normaldır. Ancaq bunlar əndazədən kənara çıxanda, ümumi işin xeyrinə olmur. Bu baxımdan partiyada baş verənləri narahat proseslər hesab edirəm. Düşünürəm ki, bununla bağlı konsensus tələb olunmalıdır. Bu konsensusun formatının necə olması partiyadaxili müzakirələr nəticəsində müəyyən edilə bilər. Digər variantda isə partiyanın zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan mövcud situasiyanı, şəraiti adekvat dəyərləndirib uzatmadan çevik qərarların qəbul edilməsinə ciddi ehtiyac var. Ola bilər ki, hansısa tərəf sərt şəkildə tədbirlər görsün, hansısa tərəf buna uyğun münasibət sərgiləsin. Ancaq tərəflərdən asılı olmayaraq bu məsələdə uduzan Müsavat olacaq. Odur ki, ambisiyalar, korporativ maraqlar bir kənara qoyulmalı, hər kəs özünə tənqidi yanaşmalı, konsensus tapılmalıdır.

- Demək istəyirsiniz ki, açıq qarşıdurma var?
- Düşünün ki, Müsavat bərpa olunandan bu prosesdə iştirak edən şəxslə, partiyaya bir neçə il sonra qoşulan şəxs arasında gedən mübarizədə bərabər nəticə əldə olunub. Əlbəttə, mən hər iki şəxsi başqanlığa layiqli şəxs hesab edirəm. Ancaq partiyada Qubad İbadoğlunun xeyli tərəfdarı var. Əslində, bu fərdin tərəfdarları məsələsi deyil. Əksinə, bu Müsavatda yeni nəfəsin, yeni xəttin və cəmiyyətdə tələb olunan partiyanın yeni imicinin formalaşmasına gətirib çıxaran xətt idi. Əlbəttə, bu xəttin tərəfdarları və əleyhdarları arasında rəqabət gedir. Bu partiyaya ziyan vura bilər. Hesab edirəm ki, partiyanın başqanı da, əlbəttə, mən İsa Qəmbəri nəzərdə tuturam, ortaya iradə qoyaraq bununla bağlı tədbirlər görməlidir.

- Siz İsa Qəmbəri hələ də başqan hesab edirsiniz?
- Yəni bu gün yaranan situasiya elədir ki, bunun adekvat həllini tapana, partiyada vətəndaş razılığı yaranana qədər İsa Qəmbər öz nüfuzundan istifadə etməlidir.

- Sizə elə gəlmirmi ki, İsa Qəmbərin mövqeyi ortadadır və özü də elan edib ki, hər şey qaydasındadır.
- Hər halda prosesləri gözləmək və bundan sonra ortaya dəqiq rəy qoymaq mümkün olacaq. Biz müəyyən məsələləri araşdırırıq. Yəqin ki, bir müddətdən sonra bu məsələlərə tam aydınlıq gətiriləcək. Bəli, görünən siz sualda qoyduğunuz kimdir. Amma konkret nəticəyə gəlmək üçün həm də faktlar lazımdır. Biz də bu gün faktlarla məşğuluq.

- Hansı faktlarla?
- Dediyiniz suala birmənalı cavab tapmaq üçün bu faktlar olmalıdır. Bir var məntiqi nəticə, bir də var faktoloji nəticə. Sizin dediyiniz məntiqi nəticədir.

- Siz faktı sübut edən dəlillər toplayırsınız?
- Biz məsələni araşdırırıq. Burada söhbət partiyanın taleyindən gedir. Bu partiya iki-üç nəfərin ambisiyasından ibarət deyil. İkincisi, biz indiyə qədər 100-120 illik partiya ifadəsini işlədirik. 1918-1920-ci illərin Müsavatının reytinqindən, siyasi kapitalından sağına-soluna istifadə edirik. Mən Müsavat Partiyasının fəaliyyətini iki konkret hissəyə bölürəm. Birincisi, ilk müstəqillik dövrü və ondan sonrakı sovet repressiyaları zamanı Müsavatın fəaliyyəti. Bu, əsasıdır. Bu fəaliyyətin reytinqindən, siyasi kapitalından, uğurlarından, adından heç kim istifadə edə bilməz. O dövrdəki insanların özünün keçdiyi yol, təzyiqlər, repressiyalar olub. Bunu kimsə mənimsəyə bilməz. Bu cəmiyyətin, xalqın ideologiyasıdır, geniş anlayışdır. Bu gün AMEA-nın Cümhuriyyət şöbəsi var, cəmiyyətdə siyasi mənsubiyyəti olmayan Müsavat tədqiqatçıları var, müsavatsevərlər var. Bunu unutmaq lazım deyil. Heç bir siyasi təşkilat da deyə bilməz ki, bu ancaq mənim siyasi monopoliyamdadır. Bu ideologiyanın bir daşıyıcısı kimi indiki Müsavat Partiyasına gəldikdə hesab edirəm ki, Müsavat dəyərlərinə hörmət edərək yuxarıda qeyd olunanlar barədə ciddi düşünməlidir.

- Partiyadan istefalar gözlənilirmi?
- İstefalar ola bilər. İndi bu tərəf deyir ki, kim istəyir partiyadan getsin. Hesab edirəm ki, istefa verənlər də düşünməlidirlər. Eləcə də, istefaya sövq edənlər, buna şərait yaradanlar və bunu hətta deklarativ olaraq dilinə gətirənlər də, məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.

- Bəzi siyasətçilər hesab edirlər ki, artıq Müsavat Partiyasının dağılması prosesi başlanıb. Bu yanaşmanı doğru hesab edirsinizmi?
- Açıq etiraf etmək lazımdır ki, Müsavat Partiyasının 2003-cü ildəki gücü ilə indiki gücü göz önündədir. Yəni, bu proses var. Siyasi mühit, partiyaların uğursuzluq sindromu təşkilatların hamısını, o cümlədən də Müsavatı zəiflədib. Yəni bu faktor da partiyanın zəifləməsinə gətirib çıxara bilər. Amma düzgün qərarlar qəbul olunarsa və konsensus haqda düşünülərsə, hansısa nəticələrə nail olmaq mümkündür. Bu gün ölkədə heç bir siyasi partiyanın zəifləməsini istəmirəm. Çünki siyasi partiyalar cəmiyyətdə plüralizmin bir ifadəsidir. Azərbaycanın müstəqillik tarixindən bu yana qazandığı ən vacib dəyər söz azadlığıdır. Biz onu göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. O ki, qaldı siyasi partiyaların cəmiyyətdə olan reytinqinə, əlbəttə, onlar apardığı siyasi xəttə, dövlətçiliyə münasibətinə, ideoloji formasına, məramnaməsinə, xalqla işləməsinə görə, cəmiyyətdə nüfuzu var. Bu nüfuzu da seçkilər müəyyən edir.

- Sizinlə eyni fikirləri bölüşən Vurğun Əyyub Arif Hacılının başqanlığını qəbul etmir və başqan seçkilərini legitim saymır. Siz də belə hesab edirsiniz?
- Seçkilərdə iki bərabər nəticə alınıbsa, bu o deməkdir ki, bir tərəfin partiyanı vahid orqanizm kimi idarə etməsi çətin olacaq. Əlbəttə, qarşı tərəf qərarlar qəbul edə, kimlərisə partiyadan uzaqlaşdıra bilər. Fikrimcə, belə proseslər gedəcək. Eləcə də, rayon təşkilatlarında manipulyasiyalar, ayrı-ayrı üzvlərə qarşı münasibətlər və s. olacaq. Ancaq bir şeyi dəqiq anlamaq lazımdır ki, heç kim heç kimi siyasətdən silə bilməz. Siyasət elə peşədir ki, insan ora gəlibsə, bu xəttə düşübsə, onu silmək mümkün deyil. Təbii ki, insan öz reputasiyasından, iradəsindən tərk etməyibsə. Kimsə hesab edirsə ki, öz adminstrativ qərarları ilə qarşısında olanları siyasətdən silərək özü üçün əlverişli şərait yaradacaq, böyük yanlışlıqlar edir.

- Arif Hacılı hazırda ona qarşı olan Adil Qeybullanı, Vurğun Əyyubu, Qubad İbadoğlunu, Səxavət Əlisoyu və digərlərini Müsavatdan silə bilərmi?
- Yəqin ki, belə xülyalar ola bilər. Amma bunlar həm də kimlərinsə iflasına gətirib çıxara bilər. Bizim də, kifayət qədər söz deməyə gücümüz, ağlımız, cəmiyyətdə reputasiyamız var. Bunu unutmaq əsla lazım deyil. Şəxsən mən heç kimin qarşısında gözü kölgəli deyiləm. İndiyə qədər heç bir xarici təşkilatdan bir manat da pul almamışam, heç kəslə işim olmayıb. Mənim ömür yolum tam şəffafdır. Heç kimdən də çəkinmirəm və qorxmuram. Amma mənim də siyasi məsuliyyətim var, hərəkətlərimi ölçüb-biçirəm. Görsəm ki, ədalətsiz və qeyri-obyektiv hərəkətlər mövcuddur, buna adekvat münasibət olacaq.

- Normal seçki keçirilib və başqan məsələsində sizlər uduzmusunuz. Demokratik seçkidə uduzmusunuzsa, niyə nəticələri qəbul etmirsiniz, sizcə, bu cığallıq deyilmi?
- Məsələ ondan ibarətdir ki, seçkidə əsasən iki mərhələ mühümdür. Birincisi, seçkiöncəsi şərait, ikincisi seçki prosesinin özü. Seçkilər azad, ədalətli və demokratik keçirilməlidir. Bunlar sadəcə söz yığını deyil. Hər bir termin özünün subtitrində konkret mənanı ifadə edir. Ona görə də, bu prinsiplərdən biri cavab vermirsə, seçkilərin nəticələri legitim sayıla bilməz. Bu dünyanın hər yerində belədir. Əlbəttə, heç yerdə seçkilər ideal deyil və prosesin qüsurlu tərəfləri də olur. ABŞ-da prezident seçkilərini indiyə qədər bir çox siyasətçilər qüsurlu hesab edir. Ancaq müəyyən faktlar və məsələlər var. Bunları Qubad İbadoğlu da özünün çıxışlarında göstərib. Bu proseslər də davam edir. Seçki günü görüntü olaraq azad seçki keçirilsə də, qüsurlar olub. Bu qüsurların seçkinin taleyinə real təsir etməsi faktı ortaya qoyulandan sonra digər hüququ proseduralar ortaya çıxa bilər. Mən təlatümlərin baş verməsini istəməzdim. İstəyərdim ki, biz bu enerjimizi cəmiyyətin çiçəklənməsinə, dövlətin möhkəmlənməsinə, xalqın rifahının artırılmasına sərf edək. Amma bəzən enerji insanın özünüqoruma instinktinə yönəlir.

Nemət ORUCOV


Müəllif:

Oxşar xəbərlər