Azərbaycan Prezidenti İlham Əliyev sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
Teleqraf.com-un məlumatına görə, fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır.
Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Fərman müəyyən edilir ki, sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir; sənaye məhəllələrinin yaradılması haqqında qərarı İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Prezidenti qəbul edir; sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir; sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.
Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyi sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etməlidir.
Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılır ki, bu fərmandan irəli gələn digər məsələləri həll etsinlər; bu fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat versinlər.