Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan zaman qəzaya düşən Xudat Şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin son durumunu açıqlayıb.
Bununla bağlı Teleqraf.com-a məlumat verən TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hadisə nəticəsində 7 həkim xəsarət alıb.
“Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanaya müayinə aparılıb. Hazırda onların müayinələri davam edir”, o bildirib.
***
16:34
Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.
Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.
Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov "Report"a faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalardan birinin tibb işçiləri olub.
Faktla bağlı araşdırma aparılır.