9 Oktyabr 2014 10:26
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “Heç bir partiyaya Milli Şuradan dəvət gəlməyib”

Dünən KXCP qərargahında Demokratiya və İnsan Haqları Mərkəzinin növbəti toplantısı keçirilib.
Toplantıda KXCP, Müsavat, ADP, Ümid, Azadlıq, VİP, Liberal Demokrat, AXP, BAP və Aydınlar Partiyası iştirak edib. Partiya sədrləri beş məsələ istiqamətində müzakirə aparıb.
İlk olaraq Avropa İttifaqının Bakı nümayəndəliyində keçirilən görüşün nəticələri müzakirə edilib. Bundan başqa, məhbusların vəziyyəti ilə əlaqədar ədliyyə naziri və baş prokurora müraciətlərlə əlaqədar məlumat dinlənilib.

Demokratiya və İnsan Haqları Mərkəzi 12 oktyabrda Milli Şuranın təşkil etdiyi mitinqə münasibətini də müəyyənləşdirib.

ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə bildirdi ki, müzakirələr zamanı ictimai-siyasi durum, blokun fəaliyyətini genişləndirmək kimi məsələlər də diqqət mərkəzində olub: “Konseptual olaraq məsələyə yanaşdıq, qeyd etdik ki, müxalifətin bir araya gəlməsi vacibdir”.

ADP sədri dedi ki, Milli Şuranın mitinq məsələsini müzakirə ediblər, buna normal yanaşıblar:

“Biz Milli Şuraya uğur arzu etdik. Eyni zamanda, qərar verdik ki, mitinqlə bağlı partiyalar sərbəst qərar verə bilərlər. Partiya üzvlərinin mitinqdə iştirak edib-etməməsi sərbəst buraxıldı. Ancaq partiyaların rəsmi şəkildə mitinqdə iştirakı məqsədəuyğun hesab olunmadı. Çünki heç bir partiyaya Milli Şuradan dəvət gəlməyib. Üstəlik, mitinqdə o zaman iştirak etmək olar ki, biz həm də təşkilatçı olaq. 12 oktyabr mitinqinin təşkilatçısı isə Milli Şuradır. Ancaq biz Milli Şuranı keçirəcəyimiz konfransa dəvət etmişik. Gəlib-gəlməmələri öz işləridir. İndi Milli Şura özünü yeganə müxalifət kimi təqdim edir, yerdə qalan qüvvələri isə müxalifət saymır. Əslində, xalqdan, dövlətdən, millətdən danışırıqsa, bunu parçalayıb ayrı-ayrı hissələrə bölmək olmaz. Quran dəstələrə parçalanmağı ən böyük günah hesab edir. Biz gedib onlara zorla deyəsi deyilik ki, gəl həmrəylikdə iştirak elə. Gəlmirlər, gəlməsinlər”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər