“Arif Hacılıya görə məni müşavirlikdən azad etdi”
Müsavat Partiyasının təmsilçiləri sentyabrın 27-də yeni başqan seçsələr də, hələ də qurultay ətrafında gərgin müzakirələr gedir.
Teleqraf.com-un məlumatına görə, Müsavatın sabiq başqanı İsa Qəmbərin keçmiş müavini Hüseyn Məlik özünün müşavirlikdən azad olunmasını 8-ci qurultaydan öncəki proseslərlə və yeni başqan Arif Hacılı ilə əlaqələndirib. Onun fikrincə, İ.Qəmbərin onu sərəncamla müşavirlikdən çıxarması əslində qurultaya hesablanmış addım olub.
Onu da qeyd edək ki, H.Məlik Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun dəstəkçisi olub.
H.Məlik özünün Facebook səhifəsində yazıb: “Müsavat Partiyasının VIII qurultayına 35 gün qalmış başqan İsa Qəmbərin məni müşavirlik vəzifəsindən sərəncamla azad etməsi başqan seçkilərinə hesablanmış addım idi. Mən Qubad İbadoğlunun aktiv təbliğatçısı idim. Sərəncamdan Arif Hacılı və onun tərəfdarları başqanın mövqeyinin Qubad bəy olmadığını təbliğatda istifadə etdilər. Bu, həqiqətən belə idi”.
“İsa Qəmbərin Arif Hacılının təbliğatçısına çevrilməsi açıq hiss olunurdu”
H.Məlikin fikrincə, sözügedən sərəncama qədər Müsavat lideri İ.Qəmbərin mövqeyi məlum olub: “Mənim haqqımda verilən sərəncama qədər də başqanın mövqeyi ortada idi. Qubad bəyin aktiv təbliğatçısı MGT-nin sədr müavini Elçin Cərullaya divanda verilən töhmət, Qadın Birliyinin sədri Ellada xanımın məclisdə başqan tərəfindən kəskin tənqidi, Qadın Birliyinin təşkil etdiyi iftar məclisində qərargahda olduğu halda iştirak etməməsi və sair. Başqanın Arif Hacılının təbliğatçısına çevrilməsi açıq hiss olunurdu”.
“Adımdan istifadə edildi”
Keçmiş müşavir qeyd edib ki, 8 il Səbail rayon təşkilatının sədri olduğu müddətdə təşkilat bütöv olub, heç bir qrupda iştirak etməyib: “Mənim müşavirlikdən azad olunmağımla bağlı sərəncamda qeyd olunur ki, mən daxili rəqabətdə yolverilməz üsullardan istifadə etmişəm. Mən Arif bəy haqqında düşündüyümü demişəm. Bildiyimə görə o da mənim haqqımda fikrini dəyişməyib. Mən cəzalandım. Dediyim sözlərə əlavələr edilmişdi. Bu gün düşünürəm ki, əlavələr Arif bəyin özünün İsa bəyə çatdırmaq istədiyi sözlər olub. Sadəcə mənim adımdan istifadə edildi. Zöhrab bəy (Zöhrab Məhərrəmli –red.) dəhlizdə hər gün qışqırır ki, Hüseyn bəyi partiyadan qovmaq lazımdır”.
Xatırladaq ki, H.Məlik fəaliyyətini müəyyən müddətə dayandırdığını elan etsə də, partiyadan İsa Qəmbərin onu müşavirlikdən azad etdiyi barədə açıqlama yayılmışdı.
Nərgiz