İyulun 22-də saat 8 radələrində 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızının bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1987-ci il təvəllüdlü Əsgərov Abdul Rahib oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu 1995-ci il təvəllüdlü Müseyib Aygün Şahbaz qızına çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Abdul Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.