24 Avqust 2020 10:12
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Astara rayonunun Siyakü kənd sakini S.Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi "Vaz 2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Şahbazov barəsində Astara rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Astara rayon Məhkəməsinə göndərilib.

Astara rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər