İyul ayının 20-də Gədəbəy rayon sakini olan bir xanım Gədəbəy rayon polis şöbəsinə müraciət edərək günorta saatlarında tanımadığı 2 nəfər şəxsin yaşadığı evə qeyri-qanuni daxil olaraq, zorla 1000 manat pulunu və 1 ədəd mobil telefonunu alaraq qaçdıqlarını bildirib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, müraciətlə əlaqədar Gədəbəy rayon polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb.
Hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Natiq Zülfüqarov və onun yetkinlik yaşına çatmayan oğlu İ.Zülfüqarov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ev sahibini az yaşlı övladı ilə parkda gəzən zaman görüb, daha sonra onu təqib edərək yaşadığı evi müəyyən ediblər.
Həmin fərdi yaşayış evinə qanunsuz daxil olaraq 1000 manat nağd pul və bir ədəd mobil telefonu ələ keçiriblər.
Saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini bildiriblər.
Bundan başqa istintaq zamanı İ. Zülfüqarovun Bakı şəhərində də oxşar cinayət hadisəsi törətməsi də məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.