12 Sentyabr 2020 09:49
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhər-rayon polis şöbəsinə fərdi yaşayış evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, daxil olmuş müraciətlə əlaqədar həmin ünvana baxış keçirilib, zərərçəkmişə məxsus evdən 8 min ABŞ dolları, 8 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Şəki şəhər sakini - Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb.

Saxlanılan şəxslərin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, E. Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub həmin evə oğurluğa girməyi planlaşdırıblar.

Onlar ev sahibini və ailə üzvlərini izləyərək, heç kimin olmadığı zaman ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində cinayət işi başlanılıb.

Hər üç təqsirləndirilən şəxsin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər