Müsavat Partiyasının başqanlığa sabiq namizədi və hazırda partiyada narazı kəsimi təmsil edən Qubad İbadoğlu İsa Qəmbərin ad çəkmədən barəsində söylədiyi fikirlərə münasibətini açıqlayıb.
İbadoğlu sosial şəbəkədə bəyan edib ki, İsa Qəmbərin partiya Məclisinin son iclasında qoyduğu sualların hər birinə aydın və faktlara söykənən cavabları var: “Onlardan birini indi açıqlayıram. Mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin mövcud tərkibinə etiraz əlaməti olaraq, səsvermələrdə iştirak etməməklə, onun legitimliylini bir neçə iclas ərzində tanımamışam. Sonradan gərginlik yaratmamaq üçün kompromisə gedərək, müzakirələrdə və səsvermədə iştirak etmək qərarını vermişəm. Digərlərinə gəlincə, “Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Arayış”da qoyulan məsələlərə partiyanın müvafiq strukturlarından cavab alandan sonra onların da hər birinə dair mövqeyimizi açıqlayacağıq. Baxmayaraq ki, təqdim olunan arayışda qoyulan məsələlər artıq İsa Qəmbər tərəfindən araşdırma başlamışdan əvvəl şübhə altına alınıb, lakin biz müraciətimizə rəsmi cavabı gözləyirik”.
Xatırladaq ki, oktyabrın 11-də keçirilən Müsavat Partiyasının Məclisində çıxışı zamanı İsa Qəmbər ad çəkmədən Qubad İbadoğlunu tənqid etmişdi. Bildirmişdi ki, əgər qurultayın hazırlanmasında narazılıq var idisə, bunu vaxtında elan etmək lazım idi. Daha seçkidəm iştirak edib sonra isə Təşkilat Komitəsini tənqid etmək əsassızdır.
Nemət