15 Oktyabr 2014 14:46
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Babaoğlu: “Sərəncam vətəndaşın üzərinə müəyyən vəzifələr qoyur”

Elçin Zahiroğlu: “Bu vəziyyət medianı ciddi düşünməyə vadar edib”

Prezident İlham Əliyev ötən ayın sonlarında “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzalayıb.
Sərəncamda dövlət sirri təşkil edən məlumatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçün Nazirlər Kabinetinə və Müdafiə Nazirliyinə xüsusi tapşırıqlar, Mətbuat Şurasına isə tövsiyələr yer alıb.

Sərəncamın önəminin nədən ibarət olmasına dair fikirlərini öyrəndiyimiz “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, sözügedən sərəncam ölkənin informasiya məkanının, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı çox vacib sərəncamdır. O qeyd edib ki, bu sərəncam Azərbaycan milli mətbuatının üzərinə yeni vəzifələr qoyur: “Amma, eyni zamanda, informasiya daşıyıcısı olan hər bir Azərbaycan vətəndaşının üzərinə müəyyən vəzifələr qoyur. İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biridir. Milli təhlükəsizlik dedikdə isə ilk növbədə insan və vətəndaşın hüquq və azadlıqlarının qorunması, ikincisi, dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyü və suverenliyinin qorunması, üçüncüsü isə cəmiyyət və onun dəyərlərinin, yəni maddi və mənəvi dəyərlərinin qorunması başa düşülür. Ona görə hər bir istiqamətdə təhlükəsizliyin qorunması, xüsusən, dövlət təhlükəsizliyinin qorunması, insanların azad yaşamasının təmin olunması üçün bu sərəncam olduqca vacib idi. Bu sərəncam Azərbaycan informasiya məkanına yeni keyfiyyət dəyişikliyi gətirəcək və informasiyanın optimal formada idarə olunmasına, eyni zamanda, informasiyanın milli və dövlət maraqlarının qorunmasına səfərbər edilməsində böyük rol oynayacaq. Bu sərəncamın təbliğ olunmasına, informasiya daşıyıcısı olan hər bir şəxsin diqqətinə çatdırılmasına ehtiyac var. Bu, ümumxalq, ümumdövlət məsələsidir. Çünki bu məkan bizim məkanımız, bu dövlət bizim dövlətimizdir. Bu dövlətin milli təhlükəsizliyinin, ümumi maraqlarının qorunması cəmiyyətin və hər bir fərdin maraqlarının qorunması deməkdir. Həmin sərəncam bu qədər aktual və vacibdir”.

H.Babaoğlu qeyd edib ki, bütün mətbuat orqanları və bütövlükdə informasiya daşıyıcısı olan, vətəndaş jurnalistikasına aid edilən, sosial şəbəkələrdə fəaliyyət göstərən şəxslər, bütün növ internet resursları məsələnin həssaslığına diqqətlə yanaşmalıdırlar: “Xüsusən, hərbi sirlərlə bağlı, hərbi əhəmiyyət daşıya biləcək məlumatlarla bağlı daha diqqətli olmalıdırlar”.

Baş redaktor, həmçinin bildirib ki, ölkənin informasiya məkanının formalaşmasında, idarə olunmasında iştirak edən istər ayrı-ayrı mətbuat orqanları olsun, istərsə də informasiya ilə işləyən təşkilatlanmış jurnalist birlikləri, yaxud da vətəndaş cəmiyyətinin bütün üzvlərinin və institutlarının üzərinə böyük vəzifələr və böyük məsuliyyət düşür: “Hesab edirəm ki, bu bir ümumi kütləvilik şəklində informasiya məkanının hər bir subyekti tərəfindən qəbul olunmalı və müvafiq tədbirlər görülməlidir”.

“Aznews.az” saytının rəhbəri Elçin Zahiroğlu isə bildirib ki, avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi, sentyabrın 24-də isə Prezidentin imzaladığı sözügedən sərəncamın mediada informasiya təhlükəsizliyinin daha yaxşı təminində mühüm rol oynayacağı şübhəsizdir. Onun sözlərinə görə, həm müşavirə, həm də Prezidentin sərəncamı dövlət rəhbərliyinin ölkənin informasiya təhlükəsizliyinə ciddi yanaşdığını göstərir: “Təbii ki, ölkə rəhbərliyi medianın informasiya təhlükəsizliyində hansı rola malik olduğundan xəbərdardır. Avqust ayında müşahidə olunan xoşagəlməz hal, Azərbaycanın milli təhlükəsizliyinə zərbə vuran bu vəziyyət həm dövləti, həm də medianın təcrübəli rəhbərlərini ciddi düşünməyə vadar edib. Hesab edirəm ki, həm müşavirə, həm də prezidentin imzalamış olduğu sərəncam bu sahədə vəziyyətin qaydaya salınması baxımından əhəmiyyətlidir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər