22 Noyabr 2020 12:10
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda qohumunu qətlə yetirməkdə ittiham olunan Murad Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 2-nə təyin olunub.

İttihama görə, qətl hadisəsi Yevlax rayonunun Malbinəsi kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Nicat Hüseynov qohumu Murad Hüseynov tərəfindən bıçaqlanıb. O, Yevlax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, mərhumun qohumu və həmkəndlisi Murad Hüseynov saxlanılıb.

İstintaq araşdırması zamanı Murad Hüseynovun əvvəllər məhkum olunduğu üzə çıxıb.

İstintaq orqanı tərəfindən Murad Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov