Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb.
Onun barəsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.