Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini N.Rəsulova məxsus yaşayış evindən ümumi dəyəri 1 150 manat olan televizor, müşahidə kamerasının yaddaş aparatı, su motoru və anten aparatının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun zərərçəkmişin qohumu, Aşağı Nüvədi kənd sakini M.Dadaşov olduğu müəyyən edilib.
Oğurlanmış əşyalar həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.