Millət vəkili Elxan Süleymanov Avropa Xalq Partiyasının (EPP) sədri Cozef Daul, partiyanın Baş katibi Antonio Lopez-İsturiz, Avropa Parlamentində EPP Qrupunun sədri Manfred Veber və Avropa Parlamentində EPP Qrupunun Baş katibi Martin Kampa müraciət edib. Millət vəkilinin Seçki Qərargahından Teleqraf.com-a verilən məlumata görə, müraciətdə qeyd edilir ki, EPP üzvü və Azərbaycanda EPP dəyərləri və fikirlərinin təşviqatçısı kimi, digər üzv - AP deputatı Frank Engelin rəftarı və bəyanatlarına təəssüfümü bildirməyi özümə borc bilirəm: “Lüksemburqda EPP nümayəndə heyətinə rəhbərlik edən Engel bu yaxında Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ Qrupu”na rəhbərlik etmək barədə qərar verib. O, öz hərəkəti ilə həmin ərazilərin qondarma hakimiyyətini dəstəklədiyini, eləcə də AP deputatlarının və avropalı siyasətçilərin həmin əraziyə səfərlərini təşkil etdiyini və bundan sonra da edəcəyini açıq-aydın bəyan edir.
Bir neçə faktı qeyd etməliyik. Dağlıq Qarabağ Azərbaycanın digər yeddi rayonu ilə birlikdə iyirmi ildən artıqdır ki, Ermənistan qoşunları tərəfindən hərbi işğal edilib. İşğal dünyanın bütün beynəlxalq təşkilatları tərəfindən pislənib və bu qondarma rejim dünyanın heç bir dövləti tərəfindən tanınmayıb.
Azərbaycan ərazisində formalaşdırılmış bu qeyri-legitim rejimə hazırda o ərazini işğal altında saxlayan Ermənistan hərbi hissələrinin köməyi ilə səfər cinayət sayılır. Ölkənin ərazi bütövlüyünün bu şəkildə pozulmasına kömək və ya hətta bunun təşviqi ən azı beynəlxalq hüququn, eləcə də EPP Partiyası və Qruplarının prinsiplərinin pozulması halı hesab edilməlidir. Bu, Ukraynada böhranın davam etdiyi bir vaxtda Cənubi Qafqazda münaqişə və müharibənin təşviqi kimi başa düşülə bilər.
Cənab Engel Dağlıq Qarabağı açıq şəkildə “demokratik respublika” adlandırıb. Bu ərazi Ermənistanın faktiki olaraq zorakı təcavüz və 1992-ci il Xocalı soyqırımı kimi qırğınlar vasitəsilə təsis etdiyi hərbi eksperimentidir.
Mən EPP-nin üzvü kimi, belə açıq mühakiməni və rəftarı sırf partiyanın və Avropanın müxtəlif institutlarındakı strukturlarının müdafiə etdiyi bütün dəyərlərin kobudcasına pozulması hesab edirəm. Engelin Avropa Parlamentində Lüksemburq nümayəndə heyətinin rəhbəri vəzifəsindən müharibəni, ərazi işğalını təşviq etmək və qırğınları və insan hüquqları pozuntularını adiləşdirmək üçün istifadə etməsi məni qorxudur”.
E.Süleymanov qeyd edir ki, Frank Engelin dərhal məzəmmət etməyi və EPP ilə əlaqəli bütün strukturlardan çıxarmağı partiya rəhbərliyindən xahiş edib: “Eyni zamanda EPP-nin özünü cənab Engelin verdiyi bəyanatlardan açıq şəkildə uzaq tutmasını və üzvlərini belə hərəkətləri dəstəkləməkdən çəkinməyə çağırmasını vacib hesab edirəm.
Biz həqiqətən inanırıq ki, bu tədbirlərin görülməməsi Azərbaycan Respublikasının Avropa ilə əlaqələrini təhlükəyə ata bilər. Bundan əlavə, bu, zorakı hərbi təcavüzə və digər ölkələrin ərazi bütövlüyünün pozulmasına dəstəyin göstəricisi hesab ediləcək. Bu, eyni zamanda Dağlıq Qarabağ təmas xəttində gərginliyin artmasını dəstəkləyə və Ermənistan tərəfdən gələcək təcavüzə razılıq kimi başa düşülə bilər.
Hörmətli sədrlər, cavablarınızdan çox şey asılıdır. Bu səbəbdən məktubuma vaxtında cavab verməyinizi xahiş edirəm. Xahiş edirəm nəzərə alın ki, sözlərim bütün, xüsusilə də EPP ailəsinə mənsub olan yaxud hazırda qoşulmaq istəyən azərbaycanlı siyasətçilərin fikirlərini təmsil edəcək”.
BƏXTİYAR