28 Fevral 2021 10:28
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.

Məlumata görə, aparılan müvafiq tədbirlər nəticəsində dövlət yol polisi şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Gəncə şəhər sakini Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşrut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıb.

Onun barəsində yol polisi tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər şəhər sakini barəsində də hüquqi tədbir görülüb.

Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus “VAZ-2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib.

N.Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov