Oktyabrın 25-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclası keçirilib. İclasda çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev cəmiyyət həyatının bir sıra aktual məsələləri ilə bağlı fikirlərini bildirib.
Akademik qeyd edib ki, Azərbaycan postsovet məkanında keçid dövrünü uğurla başa vuran və dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunan nadir bir ölkədir. Respublikada aparılan islahatlar, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərini bildirən R.Mehdiyev "bütün bunlar onu göstərir ki, biz artıq inkişafımızın yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəyik" deyib. Əlavə edib ki, bu isə dövlət idarəçiliyinin müxtəlif sahələrində ən yeni metodlara yiyələnmiş yüksək hazırlıqlı kadrların yetişdirilməsini zəruri edir. R.Mehdiyevin sözərinə görə, bu baxımdan, İdarəçilik Akademiyasının qarşısında da mühüm vəzifələr dayanır.
"Kadr ehtiyatı məni heç cür qane etmir"
DİA-nın tarixinə nəzər salan Prezident Administrasiyasının rəhbəri daha sonra deyib: "Açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşib. Hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir".
"70 il qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən qayıdır"
R.Mehdiyev bildirib ki, son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları ölkəmizdə imtahan verə bilməyən gənclərin olduğunu göstərir: "Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd "hərfləri və rəqəmləri tanımır". Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi.
Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir".
"Yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb?"
R.Mehdiyev daha sonra deyib: "1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar.
Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir. Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, "Molla Nəsrəddin" jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı, Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?".
"Cəmiyyətdə dinlə bağlı mürəkkəb proseslər gedir"
Prezident Administrasiyasının rəhbəri dinin cəmiyyətdə rolu ilə bağlı da fikirlərini açıqlayıb:
"Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir...
Azərbaycandan bəzi cavanların "İslam Dövləti" uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amililə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. "Nə baş verir" sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur".
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc R.Mehdiyevin çıxışının ilk tezisinin peşəkar kadrların azlığı ilə bağlı olduğunu deyərək əlavə edib ki, dövlətin təhsil sektoruna qoyduğu vəsaitlərin bilik, istedad, elm, intellekt və digər bu kimi keyfiyyətlərlə geri qayıtmasını gözləməyə tamamilə ixtiyarı var: "Təhsilə qoyulan hər bir manat vəsait geriyə daha böyük biliklərlə qaytmırsa, demək əks-əlaqə sistemində, rabitədə çox böyük pozuntular var".
"Sevil 100 il öncə çarşabdan azad olsa da, indi bizim təhsil daha çox hicablılar yetişdirir"
Millət vəkili bildirib ki, digər bir mühüm məsələ Azərbaycanın müxtəlif bölgələrində məktəb yaşlı uşaqların tədrisə, təhsilə münasibətidir və bu, başlıca olaraq onların ailəsində hökm sürən münasibətlər sistemindən irəli gələn bir məsələdir: "Cənub zonasında adı çəkilən iki rayonda - Yardımlı və Lerikdə ali məktəbə sənəd verən qızlarını müvafiq olaraq 16 və 21 faiz təşkil etməsi o deməkdir ki, orta məktəbdə də durum bundan yaxşı deyil. Çox erkən yaşda qızları məktəbdən uzaqlaşdıraraq gələcək ailə həyatına məhkum etmək onların həm mənəvi, həm psixoloji, həm də fiziki bəlalarının əsasını qoyur. Yaxud, şimal zonasında oğlan uşaqlarının ali təhsilə meylinin azalması nəyi göstərir? Belə çıxır ki, sanki, vəhhabilik və digər dini təriqətlər orada özünə kök salır və adamlar öz təsir pilləkənindan, zəncirindən yayınıb daha başqa sahələrə üz tutular. Bu problem hansısa səviyyədə araşdırılmalı və geniş müzakirələrə səbəb olmalı deyilmi? Düşünürəm ki, bizim üçün ən başlıca bir sual üzərində qərarlaşmaq gərək olacaq. Necə olur ki, ötən əsrin əvvəllərində, sovetlər birliyinin bərqərar olduğu dövrdə qadınlar "Sevil" pyesinin qəhrəmanı Sevil kimi çarşabdan, bütövlükdə insanlar hansısa cəhalətdən və buna bənzər əlamətlərdən azad olurdular, indi isə bizim təhsil daha çox hicablılar yetişdirir? Biz bunun səbəblərini müzakirə etməli deyilikmi? Sabah (bu gün-S.Həmid) parlamentdə bununla bağlı mənim, təbii ki, öz fikirlərim, təkliflərim olacaq. Hesab edirəm ki, Ramiz müəllim kifayət qədər böyük narahatlıqla, bir milli vətənpərvərlik duyğusuyla, dövlətçilik mənafeyi ilə bu məsələləri gündəmə gətirib. Ramiz müəllim səsləndirdiyi məsələlərə dair Azərbaycan dövlətinin baxışını ifadə edib. Bunlar bir milli proqramın əsas bazisini təşkil edəcək prinsiplərdir. Ramiz müəllimin açıqladığı məsələ hər zaman cəmiyyətdə hadisəyə çevrilir, geniş əks-səda doğurur. Bu dəfə də belə olub. Hesab edirəm ki, istər akademik dillə verilmiş təhlilin, istəsə də bir vətəndaş yanğısının, eyni zamanda dövlətin ən yüksək görəvində yer alan bir insanın bu fikirləri bizi gələcək dövrdə müxtəlif sahələrdə yeni-yeni vəzifələr qarşısında qoyacaq. Azərbaycan təhsilində köklü islahatlar, inqilabi addımlar atılmasa, bu problemlər bizim hamımıza böyük zərbə vuracaq. Çünki bütün məsələlərin özəyi, kökü, bazisi məhz təhsilə bağlıdır".
"Ramiz Mehdiyevin çıxışı fundamental bir çıxış idi"
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev akademik Ramiz Mehdiyevin çıxışının fundamental bir çıxış olduğunu bildirib. Onun sözlərinə görə, çıxışın əsas qayəsi ondan ibarətdir ki, artıq Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymaq ərəfəsindədir: "Yəni, Azərbaycan artıq inkişaf etməkdə olan dövlətdən inkişaf etmiş dövlətə, sosial dövlətə çevrilmək ərəfəsindədir. Bu da bizim qarşımıza yeni-yeni problemlərin, məsələlərin qoyulması və onların yeni dövrün tələbinə uyğun həll edilməsi deməkdir. İlk növbədə bizim fundamental təhsilə, akademik təhsilə ciddi fikir verməyimiz labüddür. Çünki Ramiz müəllimin çıxışı zamanı qeyd etdiyi kimi, biz 70 il əvvəl savadsızlığı bir sinif kimi ləğv etmişdiksə, müasir Azərbaycanın çiçəkləndiyi, dövlətimiz tərəfindən 3 minə yaxın yeni məktəb binasının tikildiyi bir dövrdə bəzi bölgələrimizdə təhsil o qədər də yaxşı səviyyədə deyil, hətta qeyri-kafi vəziyyətdədir".
M.Quliyev qeyd edib ki, qloballaşma dövründə xaricdən yönələn çoxlu mənəvi-siyasi-intellektual basqının qarşısında dayana bilməmiz üçün, heç şübhəsiz, lazımi işlər aparılmalıdır: "Bu da ilk növbədə elmi və dini maarifləndirmə işinin gücləndirilməsi, gənclərimizin azərbaycançılıq ideyası üzərində köklənməsi olmalıdır. Cəmiyyətin hər bir üzvünün dövlətin idarəetməsinə fəal surətdə qoşulması və cəmiyyətin müqavimətqabiliyyətli bir cəmiyyətə çevrilməsi çox vacibdir. Eyni zamanda, Ramiz müəllim çıxışında da göstərir ki, bizim əsas məqsədimiz gələcəyin kadrlarını hazırlamaqdır. Elə kadrlar ki, bu gün təkcə Azərbaycan daxilində deyil, dünyada gedən rəqabət prosesində rəqabətə davamlı olsunlar və özlərini təsdiq edə bilsinlər".
Səxavət HƏMİD