Ötən il dekabrın 31-də, saat 05 radələrində Pirallahı rayonu Gürgan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng müvafiq qaydada qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
İstintaqla 31 dekabr 2020-ci ildə, gecə saat 02 radələrində zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun cüzi səbəbə görə dekabrın 30-da Röyal İlyasovla aralarında mübahisənin baş verməsini özlərinə hörmətsizlik kimi qəbul edib, bu hərəkətlərinə görə Röyal İlyasovu qəsdən öldürməklə cəzalandırmaq qərarına gəlib, xuliqanlıq niyyəti ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək sonuncunu yaşadığı evin yaxınlığında tüfəngdən atəş açaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cəmil Hüseynov və Elşən Gözəlov təqsirlədirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.