12 Aprel 2021 10:53
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən 6 nəfər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Bundan başqa, Samux rayon polis şöbəsinə rayonun Qarayeri qəsəbəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsi dayandırılıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub.

14 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Davam etdirilən tədbirlərlə rayonun ərazisində də toy mərasiminin keçirilməsi aşkar edilib ki, rayon polis şöbəsinin əməkdaşları həmin mərasim barəsində də qanuna müvafiq tədbir görüb, 4 iştirakçı inzibati məsuliyyətə cəlb edilib.

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Göyçay rayon polis şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına zidd olaraq, iki fərqli ünvanda toy mərasimi keçirildiyini müəyyən ediblər.

Rayonun Potu kənd sakini Rüfət Yaqubovun yaşadığı evdə sanitar-gigiyena və karantin qaydalarının pozulması ilə müşahidə edilən toy məclisi təşkil etdiyi aşkarlanıb.

R.Yaqubov və mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.

Rayonun Cəyirli və Bığır kəndlərində də Akif İbrahimxəlilov və Qiyas İbrahimova məxsus fərdi yaşayış evlərində toy mərasimlərinin keçirildiyi aşkarlanıb.

Polis əməkdaşları insanların kütləvi iştirakı ilə məclis təşkil edən ev sahibləri ilə izahedici söhbətlər aparıb və həmin şəxslər barəsində qanunvericiliyin tələblərin uyğun müvafiq tədbirlər görüblər.

Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Tovuz rayon polis şöbəsinə rayon ərazisində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.


Müəllif: Hacı Zeynalov