Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə yanğın barədə daxil olmuş zəng əsasında qısa müddətdə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
FHN-dən Teleqraf.com-a daxil olan məlumata görə, yanğının onsəkkizmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində baş verdiyi nəzərə alınaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürmə əməliyyatı həyata keçirilib. Yanğnsöndürənlərin çevik müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəri 120 kv.m. olan üçotaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanda 1 ədəd dolab yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.