Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.
Günay Səlimzadə bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb: “Hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.
Günay Səlimzadə qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
***
14:59
Mayın 20-də, günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Daha sonra Həsən Osmanov özünü vuraraq intihara cəhd edib.
Həsən Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi qaldırılıb.
Zəruri istintaq və əməliyyat tədbirləri keçirilir.