Müsavat Partiyası başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun əsas tərəfdarı Vurğun Əyyubun 2 il əvvəl kafedra müdiri olması xəbərini Facebook-da yenidən gündəmə gətirib.
Teleqraf.com-un məlumatına görə, M.Hacıbəyli “Gündəlik Teleqraf”ın iki il öncə Vurğun Əyyubun Xəzər Universitetinə kafedra müdiri təyin edilməsi ilə bağlı xəbərini paylaşaraq bu məsələyə ironiya ilə yanaşıb.
Müsavatçılar M.Hacıbəylini iki il əvvəl olan hadisənin məqsədli şəkildə gündəmə gətirərək şantaj üsulu seçdiyi üçün onu qınayıblar.
Onlar M.Hacıbəylini tənqid edərək keçmiş başqan İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər, Arif Hacılının müavini Nüşabə Sadıxlı və bir çox müsavatçının dövlət universiteti olan Bakı Dövlət Universitetində çalışdıqlarını deyiblər.
Əvvəlcə M.Hacıbəyli müəllim kimi işləməyin ayrı, kafedra müdiri olmağın ayrı şey olduğunu dilə gətirib.
Ənvər Əhməd adı müsavatçı bildirib ki, bu məntiqlə belə çıxır ki, İsa Qəmbərin xanımı Aida Qəmbər, Almaz Əliqızı, Şirməmməd Hüseynov və digər dəyərli ziyalılar BDU-da çalışmaqla Müsavata xəyanət ediblər?
A.Hacılının qardaşı isə deyib ki, sözügedən xanımlar özlərini İsa Qəmbərdən daha müsavatsevər göstərməyə çalışsaydı, bu sual onlara da aid olacaqdı.
Rahib Mirələmov isə qeyd edib ki, M.Hacıbəylinin sözündən belə çıxır ki, Vurğun Əyyub heç yerdə işləyə bilməz, acından ölməlidir: “O sizin kimi işləməsə, hansısa naməlum mənbədən maddi yardım ala bilməz”.
M.Hacıbəyli isə fikrini əsaslandırıb ki, bacısının işi dəyişdirildiyi halda V.Əyyub yüksək vəzifədə çalışa bilməz: “Mənim rayonda həkim işləyən bacımı mərkəzi xəstəxanadan işdən çıxarıb kənd məntəqəsinə göndəriblər. Halbuki, ən savadlı həkimlərdən biridir - 2 il əvvəl attestasiyada 100 bal yığmışdı, yəni maksimum”.
Sıravi müsavatçılar deyiblər ki, kiminsə müəllimliklə və ya digər şəkildə halal pul qazanmasi üzərində oyun oynamaq doğru deyil.
M.Hacıbəylinin sözlərinə görə isə müxalifətdə savadlı adamlar çoxdur, amma maksimum müəllim ola bilərlər.
Aqil Həsənli adlı müsavatçı isə bildirib ki, başqanın qardaşı ara qarışdırmaqla məşğuldur: “Budurmu Arif bəyin barışıq təklifi, mühüm mesajları? Öz qardaşı ara qarışdırmaqla məşğuldur. Bu, nəyin göstəricisidir? Müsavat yavaş-yavaş bir ailənin partiyasına çevrilir, bütün simalar üzə çıxır”.
Qeyd edək ki, hələ qurultaydan öncə A.Hacılının tərəfdarları V.Əyyubu uzun müddət Türkiyədə yaşadığını əsas gətirərək onun partiya işində aktiv iştirak etmədiyini söyləyirdilər.
V.Əyyub isə bu iddialara belə cavab vermişdi: “Deyirlər ki, mən partiyanın işində iştirak etməmişəm, xaricdə olmuşam. Mən balalarıma çörək qazanmaq üçün Qarsa getmişəm, özümə villa tikdirməmişəm".
Kəmalə