"Müsavat Partiyasında vəziyyət belə davam edərsə, rəhbərlik hazırkı mövqeyini dəyişməyəcəksə, mütləq fraksiya yaranmalıdır". Bu barədə Trend-ə Musavat başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib.
Seçkidən sonra bu günə qədər bir aydan çox bir vaxt keçdiyini deyən T.Abbaslı hesab edir ki, bu, partiya başqanı üçün yetərli vaxt idi ki, partiyanın birgəliyini təmin edə, narazı tərəfləri razı sala bilsin, yəni ümumi bir birləşdirici mövqe tuta bilsin: “Yeni başqanın bu mövqeyini ortaya qoymaq və bütöv bir Müsavatın başqanı olmasını sübut etmək üçün kifayət qədər vaxtı var idi. Mən Qubad İbadoğlunun seçkilərlə bağlı mövqeyinin haqlı və ya haqsız olduğuna rəy bildirmək istəmirəm, amma hər halda narazılıq varsa və bu elektoratı görməməzlikdən gəlmək, partiya rəhbərliyində təmsilçilikdən tutmuş istefa verənlərərə dair mövqelər və partiya daxilində qarşıdurmanın aradan qaldırılması istiqamətində atılan addımlar məni qane etmədi. Mən Arif Hacılı ilə bir dəfə görüşmüşəm və bunları orada da qeyd etmişdim. Yəni seçkilərdən sonra yeni başqanın sərgilədiyi mövqeni bəyənmirəm və düşünürəm ki, bu gedişlə getsə, partiyaya ciddi ziyan dəyəcək. Odur ki, biz bu səbəbdən fraksiyanın yaradılması və narazı kəsimin öz fikrini bildirməsi üçün bir platformanın olmasını düşündük. Buna görə fraksiyanın yaradılmasının tərəfdarıyıq”.
T.Abbaslı əlavə edib ki, seçkidən, seçkidən sonrakı proseslərdən, partiyadakı indiki vəziyyətdən narazı insanlarla görüşlər keçirilir: “Məsləhətləşmələrimiz olub, yəqin ki, noyabrın 8-də Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyinə cavab bildirəndən sonra bizim fraksiyanın yaradılması istiqamətində danışıqlarımız daha intensiv aparılacaq. Biz rayon təşkilatlarının rəhbərləri ilə, ümumilikdə müsavatçılarla görüşlərimizi davam etdirəcəyik”.
Onun sözlərinə görə, əsas məqsəd partiya daxilindəki demokratik mühitin qorunması, partiyadakı təmsilçiliyin bir əldə olması yox, müxtəliffikirliliyin təmin olunmasıdır: “İnsanlar öz etirazlarını bildirməyə platforma tapmayanda son çıxış yolu kimi istefa verirlər və son bir ay ərzində də kifayət qədər istefalar olub. Fraksiyanın ən azından bu xeyri olacaq ki, istefaların qarşısı alınacaq. İnsanlar istefa verməyəcəklər, gəlib fraksiyada öz etirazlarını bildirəcəklər”.
Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından narazı qalan üzvlər seçkilərdə baş vermiş pozuntularla bağlı partiyanın mərkəzi nəzarət-təftiş kommisiyasına arayış göndərib.
MNTK isə qurultaydakı pozuntularla əlaqədar təqdim edilən arayışda heç bir nizamnamə pozuntusuna rast gəlinmədiyini bəyan edib.
Qurultaydan narazı qalanlar isə MTKN-nın rəyinə noyabrın 8-də münasibət bildirəcəklərini və bundan sonrakı mövqelərini bəyan edəcəklərini vurğulayıblar.