16 İyun 2021 12:18
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Həbib Kazımov dindirilən zaman bildirib ki, 1992-ci ildə Sumqayıt şəhərindən hərbi xidmətə yollanıb, 1993-cü ildə döyüşlər zamanı erməni hərbçiləri tərəfindən əsir götürülüb, daha sonra Şuşa türməsinə aparılıb:

“Sumqayıtdan olduğum üçün Xosrovyan Alyoşa Aramaisoviç tərəfindən dəfələrlə işgəncələrə məruz qalmışam. Müalicə üçün Xankəndinə aparılmışam, lakin orada da məni döyürdülər. Bu iki şəxsi Şuşa türməsindən tanıyıram. Sərdar adında dostumuz var idi, orada onu öldürdülər. Şüşə türməsinin yanında odun doğranılan yerdə dəfələrlə işgəncələrə məruz qalmışıq. 1 il 9 ay əsirlikdə olmuşam, 1 il 2 ay da Lüdvik və Alyoşanı orada görmüşəm, onların hamısı hərbi geyimdə idilər. Məni ən çox Xosrovyan döyürdü, dəyənəklə, botinka ilə... Bizi ac-susuz saxlayırdılar. Onların qəhrəman hesab etdikləri şəxsin abidəsinin açılışı zamanı bizi çox pis döydülər”.

Daha sonra digər zərərçəkmiş Zaur Rzayev ifadə verib. O deyib ki, 1992-ci ildə Saatlı rayonundan hərbi xidmətə yollanıb, 1994-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə hərbçiləri tərəfindən əsir götürülüb:

“Huşsuz halda idim. Ayılanda gördüm ki, Xankəndi şəhərindəyəm, sağ çiyinimdən güllə yarası almışam. Bizi seperatçı rejimin o vaxtkı “müdafiə naziri” Samvel Babayanın donuz fermasında fəhlə kimi işlədirdilər. Armaturla, avtomatla, bellə döyülürdük, bədənimizə qızdırılmış dəmir basırdılar. Qırx nəfər əsiri ac-susuz fermada döyə-döyə, işgəncə verə-verə işlədirdilər. Əsirlikdə olan zaman 8-9-cu sinifdə oxuyan erməni uşaqlarını yanımıza gətirib bizi söydürüb təpiklə vurdururdular. Mkrtiçyan Lüdviki daha çox Xocavənd rayonunda görmüşəm”.

Məhkəmənin növbəti iclası iyunun 23-nə təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər